BBC News-un araşdırmasına görə, Qəzzada yardım paylanan məntəqələrin mühafizəsini ABŞ-də fəaliyyət göstərən və İslama qarşı düşmən münasibəti ilə tanınan “İnfidels Motorcycle Club” (İnfidels MC) üzvləri həyata keçirib.

Məlumata əsasən, UG Solutions şirkəti tərəfindən işə götürülən dəstənin azı 10 üzvü Qəzzada təhlükəsizlik xidmətində çalışıb. Onlardan yeddisi yüksək vəzifələrdə olub. Şirkət əməkdaşlarını müdafiə edərək şəxsi üzvlüklərin iş fəaliyyətinə təsir etmədiyini bildirib.
Qəzza Humanitar Fondu isə açıqlama verərək nifrət və ayrı-seçkiliyə qarşı sıfır tolerantlıq siyasətini xatırladıb.
İnfidels MC 2006-cı ildə ABŞ hərbi veteranları tərəfindən yaradılıb və özlərini “müasir xaçlılar” adlandırıb. Klubun sosial şəbəkə paylaşımlarında İslam əleyhinə çıxışlar və nifrət ritorikası yer alıb.
BMT-nin məlumatına görə, mayın sonundan etibarən Qəzzada yardım məntəqələri ətrafında 1135 mülki şəxs həyatını itirib. Hadisələrin çoxunun İsrail təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində baş verdiyi bildirilir.
UG Solutions ittihamları rədd edib və yalnız xəbərdarlıq atəşi açıldığını qeyd edib. Şirkət dəstənin lideri Conni Mulfordu etibarlı şəxs kimi təqdim edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
