Bu gün:

"Zelenskinin sona qədər mübarizə aparması məntiqli və düzgün mövqedir"


24Media.az-ın budəfəki müsahibi politoloq Elçin Xalidbəylidir. O, Ukraynanın sülh yolu ilə münaqişəni həll etməsi ilə bağlı olan fikirlər barədə danışıb.

-Zelenskinin sülh imkanından imtina edib müharibənin davamını seçməsi Ukrayna üçün strateji üstünlük hesab oluna bilərmi, yoxsa bu, Rusiya üçün açıq qələbə yoludur?

Təbii ki, Ukrayna üçün müharibəni davam etdirməkdən başqa çıxış yolu yoxdur. Çünki Ukraynanın əraziləri işğal altındadır. Rusiya Ukraynanın əhəmiyyətli bir hissəsini işğal edib. Ona görə də Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün müharibəni davam etdirmək məcburiyyətindədir.

Sülh məsələsinə gəldikdə isə, indiki şərtlər daxilində bu, Ukrayna üçün olduqca ağır nəticələr doğura bilər. Rusiya hazırda işğal etdiyi ərazilərlə yanaşı, əlavə olaraq Ukrayna ordusunun daha bir sıra əraziləri boşaldaraq Rusiyaya verməsini tələb edir. Yəni, Kremlin hazırki tələbləri işğal olunmuş ərazilərlə kifayətlənmir, daha artıq ərazi iddiası aparır. Üstəlik, Rusiyanın irəli sürdüyü sülh şərtləri təkcə Ukraynanın deyil, eyni zamanda NATO üzvü olan dövlətlərin də kapitulyasiyasını nəzərdə tutur. Bu isə çox ağır şərtlər deməkdir. 

Ona görə də, Zelenskinin Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün sona qədər mübarizə aparması məntiqli və düzgün mövqedir. Əgər ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirsə və Ukraynaya hərbi yardımları artırsalar, o zaman hücum silahları əldə etmiş Ukrayna Rusiya üçün olduqca ciddi problemlər yarada bilər. Hətta mümkündür ki, Rusiya iqtisadiyyatı çökdükcə və Ukrayna hərbi baxımdan gücləndikcə, Moskva işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalsın. Bu baxımdan, müharibənin davam etdirilməsini Rusiyanın qələbəsi kimi qiymətləndirmək tamamilə yanlış yanaşmadır. Bu yalnız Rusiya təbliğatına bağlı şəxslərin irəli sürdüyü iddialardır.



Səmayə Səftərova

Paylaş
Şərh əlavə et