Sentyabrın 8-də Əfqanıstanın şərqində güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri Kunar və Nangarhar əyalətlərində qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində azı 1450 nəfər həlak olub, 3400-dən çox insan xəsarət alıb. Dağıntılar nəticəsində 6700-dən artıq ev tamamilə yararsız hala düşüb. Ümumilikdə 84 minə yaxın sakin təbii fəlakətdən zərər çəkib.
Hazırda xilasetmə əməliyyatları davam etdirilir. Çətin keçilən dağlıq ərazilərə xilasedicilər paraşütlə endirilir. İnsanlar dağıntılar altından cəsədləri və yaralıları çıxarmaq üçün primitiv alətlərdən istifadə edirlər.
Beynəlxalq yardım təşkilatları bölgədə resurs çatışmazlığının olduğunu bildirirlər. BMT-nin Qida Proqramının məlumatına görə, yardımlar yalnız 4 həftə ərzində əhalinin ilkin ehtiyaclarını qarşılaya biləcək. Proqramın illik büdcəsi də son illərdə kəskin şəkildə azalıb.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
