Norveçdə keçiriləcək parlament seçkiləri öncəsi ölkə gündəmini sərvət vergisi (formuesskatt) ilə bağlı mübahisələr zəbt edib. Verginin saxlanılması, azaldılması və ya tamamilə ləğvi barədə siyasi qüvvələr arasında kəskin fikir ayrılığı var.
Hazırda vergi ildə təxminən 32 milyard kron (2,4 milyard funt sterlinq) gəlir gətirir. Tərəfdarları bu vergini ölkədə sosial bərabərliyi təmin edən əsas mexanizmlərdən biri hesab edir. Əleyhdarları isə sərvət sahiblərinin ölkəni tərk etməsinə və biznes yatırımlarının azalmasına səbəb olduğunu bildirirlər.
Keçmiş NATO baş katibi, hazırkı maliyyə naziri Yens Stoltenberq rəhbərlik etdiyi Leyboristlər Partiyası seçkidən sonra bütün vergi sistemini yenidən nəzərdən keçirmək üçün komissiya yaradacağını açıqlayıb. Populist İrəliləyiş Partiyası vergini ləğv etməyi vəd edir, mərkəz-sağ Høyre isə kəskin azaldılmasını təklif edir.
Norveç hazırda Avropada sərvət vergisi tətbiq edən üç ölkədən biridir. 2022-ci ildə vergi yükünün artması nəticəsində 30-dan çox milyarder və milyonçunun İsveçrəyə köçdüyü bildirilir. Buna baxmayaraq, toplanan vergi həcmi son illər əhəmiyyətli dərəcədə yüksəlib.
Ekspertlər məsələyə fərqli yanaşırlar: bəziləri vergini ədalətin təminatı və sosial təminatın maliyyələşməsi üçün zəruri hesab edir, digərləri isə yerli sahibkarların rəqabət gücünü azaltdığını vurğulayır.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
