İngiltərənin Imperial College London universitetindən alimlər Mars planetinin daxili quruluşunu araşdırıblar. Tədqiqat çərçivəsində səkkiz böyük mars zəlzələsi və meteorit toqquşmalarına dair məlumatlar təhlil olunub. Araşdırma zamanı NASA-nın “InSight” aparatı vasitəsilə qeydə alınan seysmik məlumatlardan istifadə edilib.

Alimlər seysmik dalğaların yayılma formasını öyrənərək, mantiyanın dərinliklərində – təxminən 4 kilometrədək enən nəhəng qaya bloklarının mövcudluğunu müəyyən ediblər. Qeyd olunur ki, bu parçalar Günəş Sisteminin formalaşmasının ilkin mərhələsində baş verən kosmik toqquşmaların izləridir.
Məlumata görə, Günəş Sisteminin ilk 100 milyon ili ərzində Mars və Yer kimi daxili planetlər intensiv meteorit bombardmanına məruz qalıb. Alimlərin fikrincə, həmin toqquşmalar Marsın gənc qabığını parçalayaraq geniş maqma okeanlarının yaranmasına səbəb olub. Soyuma və kristallaşma prosesi nəticəsində isə müxtəlif tərkibli qaya parçaları mantiyanın dərinliklərində “həbs olunub”. Yer kürəsində bu cür strukturlar daim fəaliyyət göstərən litosfer plitələrinin tektonik hərəkəti nəticəsində çoxdan itib.
Marsda isə bütöv və sabit qabığın mövcudluğu səbəbindən həmin izlər bir növ “zaman kapsulu” kimi bu günədək qorunub saxlanılıb.
Mütəxəssislər bildirirlər ki, Marsda əldə edilən nəticələr həm də Venera və Merkuri planetlərinin daxili quruluşunu anlamaq baxımından mühüm elmi əhəmiyyət kəsb edir. Onların sözlərinə görə, “Marsın daxilində qorunub saxlanılmış qədim heterogenliklər bir planetin geoloji tarixinə və təkamülünə bənzərsiz baxış imkanı yaradır”.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
