Bu gün:

Seul ABŞ-dəki Hyundai reydinə görə təcili toplanıb


Cənubi Koreya hökuməti ABŞ-də Hyundai zavodunda keçirilən böyük miqrasiya reydi zamanı yüzlərlə vətəndaşının saxlanılmasına görə təcili iclas keçirib və tez bir zamanda cavab verməyə söz verib.

Seul hadisənin baş verdiyi Corciyaya diplomatlar göndərib. Zavodu Hyundai ilə birlikdə işlədən LG Energy Solution isə ABŞ-ə edilən əksər işgüzar səfərlərin dayandırıldığını açıqlayıb.

ABŞ rəsmiləri 475 nəfəri – əsasən cənubi koreyalıları – saxladıqlarını bildiriblər. Onların batareya istehsalı müəssisəsində qanunsuz işlədikləri qeyd olunub. Bu zavod həmin ştatda həyata keçirilən ən böyük xarici sərmayə layihələrindən biridir.

Ağ Ev əməliyyatı müdafiə edib və reydin xarici sərmayəni çəkindirməsi ilə bağlı narahatlıqları rədd edib.

“Onlar qeyri-qanuni miqrant idilər və ICE sadəcə öz işini görüb” – Prezident Donald Tramp cümə günü keçirilən reydlərdən sonra deyib.

ICE rəsmiləri tərəfindən yayımlanan videoda bəzilərinin üzərində “Hyundai” və “LG CNS” yazılı sarı jiletlər olan asiyalı işçilərin binanın qarşısında qandallandığı görünür.

ICE əlavə edib ki, qısamüddətli və ya turist vizası ilə ölkəyə gələnlər ABŞ-də işləmək hüququna malik deyillər və bu reyd amerikalıların iş yerlərini qorumaq üçün zəruri idi.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et