Bu gün:

Finlandiyada yeni “Mavi Zona”: Uzunömürlülüyün sirləri araşdırılır


Dünyada bəzi bölgələr əhalisinin orta ömür göstəricilərinin digər yerlərə nisbətən xeyli uzun olması ilə tanınır. Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsi və Yunanıstanın İkariya adası bu nümunələrdən yalnız bir neçəsidir. Alimlər indi bu siyahıya yeni bir məkanın əlavə oluna biləcəyini bildirirlər. Finlandiyanın qərb sahilində yerləşən Ostrobotniya bölgəsi diqqətçəkən uzunömürlülük göstəriciləri ilə gündəmə gəlib. Son tədqiqatlar bu ərazinin də potensial “Mavi Zona” ola biləcəyini göstərir.

“Mavi Zonalar” termini insan ömrünün qeyri-adi dərəcədə uzun olduğu bölgələri ifadə edir. Bu zonalarda yaşayanların xroniki xəstəliklərə yoluxma riski aşağı, ömür uzunluğu isə yüksəkdir. Burada insanların 100 yaşını keçmə ehtimalı digər bölgələrlə müqayisədə daha çoxdur.

Alimlər bu fenomeni əsasən aktiv həyat tərzi, aşağı stres səviyyəsi, güclü sosial bağlar və sağlam qidalanma ilə əlaqələndirirlər. Lakin bəzi mütəxəssislər bu anlayışın tam dəqiq elmi göstəricilərə əsaslanmadığını, müəyyən qədər ümumiləşdirmələr daşıdığını da vurğulayır.

Ostrobotniyada orta ömür göstəricisi ölkə ortalaması olan 81,6 ildən yuxarı, dünya ortalaması olan 73,1 ildən isə xeyli yüksəkdir. Alimlər bildirirlər ki, bu bölgədə insanların həyat tərzi artıq məlum olan Mavi Zonaların əsas xüsusiyyətləri ilə oxşarlıq təşkil edir. Finlandiyanın ümumən xoşbəxtlik göstəriciləri, sosial balansı, təbiətlə bağlılığı və aşağı bərabərsizlik səviyyəsi də bu nəticələri dəstəkləyən amillər sırasındadır. Ənənəvi qidalanmanın əsasən tam taxıllara və soyuq su balıqlarına əsaslanması uzunömürlülüyə töhfə verən faktor kimi dəyərləndirilir.

Bununla belə, Ostrobotniya üzrə mənzərə tam aydın deyil. Eyni araşdırma göstərib ki, Cənubi Ostrobotniyada ömür uzunluğu daha aşağıdır və sağlamlıq göstəriciləri də mənfi nəticələr ortaya qoyur. Bundan başqa, qonşu Aland adalarında ömür göstəriciləri yüksək olsa da, bu ərazi Mavi Zona meyarlarına uyğun gəlmir.

Tədqiqat qrupunun 2026-cı ilə qədər işlərini davam etdirəcəyi, Mavi Zonalar konsepsiyasının Şimali Avropa üçün də keçərli olub-olmadığını araşdıracağı bildirilib.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et