Amerikalı yazıçı, Nobel mükafatı laureatı Ernest Heminqueyin son sağ qalan övladı Patrik Heminquey 97 yaşında dünyasını dəyişib. Xəbəri ailəsi təsdiqləyib. O, Montana ştatının Bozeman şəhərindəki evində vəfat edib.

Patrik Heminquey atasının irsinin qorunması və tanıdılması işində mühüm rol oynayıb. O, atasının əsərlərinin yenidən nəşrinə icazə verib, həmçinin yarımçıq qalmış “True at First Light” əsərini redaktə edərək 1999-cu ildə çap etdirib.
Atasının əsərlərinin idarəçiliyini üzərinə götürən Heminquey, həmçinin markanın kommersiya sahəsinə çıxmasına, geyim, eynək, xalça və “Papa’s Pilar Rum” kimi məhsulların satışına da razılıq vermişdi.
Patrik Heminquey Harvard Universitetini bitirdikdən sonra mirasdan aldığı vəsaitlə Tanzaniyada təsərrüfat qurmuş, safari bələdçisi, ovçu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında meşəçilik üzrə əməkdaş kimi fəaliyyət göstərmişdi.
O, iki dəfə evlənmiş, ilk həyat yoldaşı Henrietta Broyles-dən Mina adlı qızı olmuşdu. Son illərini Montanada keçirən Heminquey ömrünün müxtəlif dövrlərində Afrika, İspaniya, Kuba və ABŞ-da yaşamışdı.
Xatırladaq ki, Ernest Heminquey ailəsi uzun illər faciələrlə yadda qalmışdı: yazıçının atası 1928-ci ildə, özü isə 1961-ci ildə intihar etmiş, Patrikin qardaşı Qriqori isə 2001-ci ildə həbsxanada dünyasını dəyişmişdi.
Patrik Heminqueyin nəvəsi Patrik Heminquey Adams babasını belə xatırlayır:
“Babam həm xəyalpərəst, həm də elmi düşüncəyə malik insan idi. Bir neçə dili bilirdi, riyazi məsələləri əyləncə üçün həll edirdi, amma ürəyi hər zaman ədəbiyyata və incəsənətə bağlı idi.”
Mənbə: AP
Tərcümə etdi: Nəzakət Nəsibli
