Argentinanın cənubundakı Pataqoniya bölgəsində alimlər yeni bir timsah növünün fosilini aşkar ediblər. Kostensuchus atrox adlandırılan bu nəhəng yırtıcının təxminən 70 milyon il əvvəl, son Təbaşir dövründə yaşadığı bildirilir.

Təxminlərə görə, K. atrox 3,5 metr uzunluğunda və 250 kiloqram ağırlığında olub. Güclü çənələri və iti dişləri sayəsində iri ovların ətini parçalamağa qadir idi. Paleontoloqlar onun həm quruda, həm də bataqlıq sahələrində ot yeyən dinozavrları ovladığını düşünürlər.
Fosil ilk dəfə 2020-ci ilin martında dinozavr qazıntısı zamanı aşkarlanıb. Quyruq və bəzi əzalar istisna olmaqla, skeletin, demək olar ki, tam tapılması elm üçün mühüm hadisə hesab olunur. Xüsusilə kəllədəki dişlərin, hələ də minasını saxlaması diqqət çəkib. Bu kəşf bölgədə indiyədək aşkar edilən ən tam timsah fosili sayılır. Mütəxəssislərin sözlərinə görə, K. atrox müasir timsahlarla bəzi oxşarlıqlara malik olsa da, fərqli xüsusiyyətləri də var. Onun burun dəlikləri irəli yönəlmiş, gözləri isə kəllənin yan tərəfində yerləşmişdir. Halbuki indiki timsahlarda burun və gözlər yuxarıda yerləşir ki, bu da sudan ov izləməyə imkan verir.
Elm adamları hesab edirlər ki, K. atrox və digər iri ətyeyənlər kütləvi yoxa çıxma dalğasından sağ çıxa bilməyib. Bunun onların “hipercarnivor” pəhrizi – yalnız ətlə qidalanmaları ilə bağlı ola biləcəyi güman edilir. Alimlər ümid edirlər ki, Pataqoniyada tapılan bu nadir fosil yaxın illərdə qədim timsahların təkamülü və onların ekosistemdəki rolu ilə bağlı yeni məlumatlar üzə çıxaracaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiya Zeynallı
