Əfqanıstanın şərqindəki ucqar rayonlarda ötən bazar günü ölkənin bu hissəsini sarsıdan güclü zəlzələdən sonra fövqəladə humanitar əməliyyat həyata keçirilir. Son məlumatlara görə, həlak olanların sayı 800 nəfəri ötüb, iki mindən çox insan isə xəsarət alıb. BMT-nin Əfqanıstandakı humanitar missiyasının rəhbəri İndrika Ratvatte vurğulayıb ki, ümumi zərərçəkənlərin sayı yüz minlərlə ola bilər.

Kabil şəhərindən videobağlantı vasitəsilə çıxış edən Ratvatte izah edib ki, təbii fəlakətdən zərər çəkən dağlıq əyalətlərdə evlərin əksəriyyəti palçıq divarlı və taxta damlıdır. “Divarlar uçanda dam insanların üstünə çökür, onları öldürür və ya basdırır. Zəlzələ gecə baş verdiyi üçün hamı yatmışdı”, – deyə o bildirib və əlavə edib ki, bir çox insan hələ də dağıntılar altında qalır.
Ratvattenin sözlərinə görə, yüz minlərlə insan zərərçəkmiş ola bilər, çünki saysız-hesabsız evlər dağılıb, mal-qara tələf olub və həyat təminatı sistemləri ziyan görüb. İlk kritik 24 saatda isə zərərçəkmiş rayonlara giriş torpaq sürüşmələri və daşqınlar səbəbindən çox çətin olub.
Fövqəladə səfərbərlik
BMT fəlakət zonasına vəziyyəti yerində qiymətləndirmək üçün 20 komanda və Kabil ilə zərərçəkmiş əyalət Nangarharın paytaxtı Cəlalabad arasında humanitar uçuşları dəstəkləmək üçün 15 mobil qrup göndərib. Ratvatte qeyd edib ki, bir sıra icmalarla rabitənin olmaması və helikopterlərin enişində yaranan çətinliklər əlavə maneələr yaradır: “Bu rayonlara çatmaq və zərərçəkənləri təxliyə etmək son dərəcə çətindir”.
Ratvatte həmçinin yaxınlarını itirənlərə psixoloji dəstəyin vacibliyini vurğulayıb. O, təhlükəli infeksiyaların yayılmasının qarşısını almaq üçün cəsədlərin və tələf olmuş heyvanların təcili utilizasiyasının zəruriliyini qeyd edib.
Yardım çağırışına ilk cavab verənlərdən biri Əfqan Qırmızı Aypara Cəmiyyəti olub. Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasını təmsil edən Coy Sinqal bildirib ki, yollar vaxtında təmizlənsəydi, daha çox insanı xilas etmək mümkün olardı: “Əməkdaşlarımız və könüllülərimiz bəzən ucqar kəndlərə çatmaq üçün dörd-beş saat piyada yol getməli olurlar”.
Çadır, ərzaq və tibbi yardım tələb olunur
Dağlıq rayon sakinlərinin soyuqdan qorunması üçün təcili çadırlara, tentlərə və yorğanlara ehtiyac var. İnsanlara həmçinin isti yemək və ərzaq payları lazımdır, – deyə BMT-nin Əfqanıstandakı Humanitar məsələlərin əlaqələndirmə idarəsinin (OCHA) rəhbəri Emi Martin bildirib. Onun sözlərinə görə, bir sıra rayonlarda mobil tibbi briqadalar fəaliyyət göstərsə də, bu kifayət deyil: “Bu mərhələdə travmatologiya və ilkin tibbi yardımın təşkili çox vacibdir”.
Böhrandan böhrana
İndrika Ratvattenin qeyd etdiyi kimi, Əfqanıstan uzun müddətdir “sistemli humanitar problemlərlə” üzləşir. Ölkə əhalisinin yarısı – təxminən 22,5 milyon nəfər – ərzaq yardımına ehtiyac duyur. Vəziyyət son quraqlıq səbəbindən daha da pisləşib. Bu ilin əvvəlindən Əfqanıstandakı humanitar proqramların maliyyələşdirilməsi kəskin azalıb və nəticədə yüzlərlə yardım mərkəzi bağlanıb.
Əlavə sınaqlardan biri də bu il İrandan və Pakistandan 2,4 milyon əfqan qaçqının geri qayıtması olub. BMT Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Babar Baloch-un sözlərinə görə, onların yarısı deportasiya edilib: “İnsanları sadəcə avtobuslara mindirib sərhəddə buraxırdılar”. Qayıdanların çoxu isə indi zəlzələdən zərər çəkmiş ərazilərə üz tuturdu.
“Biz imkanlarımızın son həddində işləyirik”, – deyə İndrika Ratvatte vurğulayıb və izah edib ki, BMT-nin Əfqanıstan üçün 2025-ci il üzrə 2,4 milyard dollarlıq humanitar reaksiya planı cəmi 28 faiz maliyyələşdirilib. – “İndi isə artıq mövcud böhranın üstünə fövqəladə vəziyyət də əlavə olunub”.
Mənbə: news.un.org
Tərcümə etdi: Fatimə Umarbəy
