Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Çinin Tiencin şəhərində bir araya gəlib. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, regional məsələlər və Ukrayna müharibəsinin gedişatı müzakirə olunub.
Putin görüşün mətbuata açıq hissəsində bildirib: “Enerji tərəfdaşlığımız stratejidir. Rusiya fasiləsiz olaraq Qara dəniz üzərindən Türkiyəyə qaz tədarük edir".
Rus lider, həmçinin Ukrayna böhranının həllindəki diplomatik səylərinə görə Ərdoğana təşəkkür edib.
Ərdoğan isə Putinə Türkiyəyə rəsmi səfər dəvətini xatırladaraq vurğulayıb: “Aramızda etimada əsaslanan səmimi münasibət var. Münasibətlərimiz mövsümi sınaqlardan təsirlənmədən inkişaf edir".
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov da iştirak ediblər.
Kremlin müşaviri Yuri Uşakovun sözlərinə görə, görüşün əsas gündəm mövzusu Rusiya–Ukrayna müharibəsinin dayandırılması olub. Xatırladaq ki, liderlər sonuncu dəfə 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS Zirvəsində görüşüblər.
Bu arada ABŞ Prezidenti Donald Tramp avqust ayında həm Putinlə, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirmişdi. Tramp tərəfləri yaxın vaxtda bir masa ətrafında toplamağı planlaşdırsa da, Rusiyanın hücumlarını davam etdirməsi və Kreml tərəfindən Zelenski ilə görüşün mümkün olmayacağı açıqlaması ümidləri azaldıb.
Ekspertlərə görə, Tiencində keçirilən Ərdoğan–Putin görüşü böyük gözləntilərlə qarşılanmasa da, Türkiyə sülh prosesində rol oynamaqda israrlıdır. Xarici işlər naziri Hakan Fidan da qeyd edib ki, Ankara müharibənin tərəfi olmadığı üçün nə Alyaska, nə də Vaşinqtondakı görüşlərdə iştirak etməyib.
Mənbə: BBC
Tərcümə: Ətirə İbayeva
