Bu gün:

Tramp: "Ukraynaya sanksiya tətbiq edə bilərik"- müsahibə


24Media.az-ın budəfəki müsahibi politoloq Elçin Xalidbəylidir. O, Trampın Ukraynaya sanksiya tətbiq edə biləcəyinin beynəlxalq aləmdəki rolu barədə danışıb.

-Trampın Ukraynaya da sanksiya tətbiq edə biləcəyini deməsi ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə və beynəlxalq aləmdəki roluna necə təsir göstərə bilər?

Hazırda Prezident Trampın əsas hədəfi Ukrayna savaşının dayandırılmasıdır. Ümumiyyətlə, Trampın siyasi kursunda sülh yaratma misiyası ön planda yer alır. Tramp hesab edir ki, bütün dünyada baş verən münaqişələrin dayandırılması onun qərarlarından və fəaliyyətindən asılıdır. Bu məqsədlə də konkret addımlar atır və bu istiqamətdə israrlı fəaliyyət göstərir. Hətta dünyanın müxtəlif bölgələrində sülh yaratma missiyası çərçivəsində bəzi münaqişələrin dayandırılmasına da nail olub. Hazırda Ukrayna savaşı Tramp administrasiyası üçün olduqca ciddi problemə çevrilib. Çünki Prezident Tramp seçki ərəfəsində verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib və Ukrayna savaşını dayandıra bilməyib. Ona görə də Prezident Tramp həm Rusiyaya, həm də Ukraynaya paralel təzyiq metodu ilə savaşın dayandırılmasına nail ola biləcəyini düşünür.

Ancaq problem ondadır ki, savaşa başlayan Ukrayna deyil, Rusiyadır. Üstəlik Rusiya "neoimperialist sülh təklifləri" irəli sürməklə bütün sülh təşəbbüslərini iflasa uğradır, boşa çıxarır. Yəni, sülhdən yayınan məhz Rusiyadır. Əgər sülh beynəlxalq hüquq normaları və ədalət çərçivəsində baş verəcəksə, bu yalnız Rusiyanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması və Ukraynanın ərazi bütövlüyünü tanıması ilə mümkün ola bilər.

Halbuki Tramp administrasiyası bu çətin yolla getməyə o qədər də həvəs göstərmir. Əksinə, hər iki tərəfi məmnun etmək taktikasını seçir. Bu da təbiidir. Həm Ukraynaya ərazi itkiləri vəd edir, həm də NATO üzvü olan Avropa Birliyinin gələcəyi üçün real təhlükə yaradır. Çünki Avropada əmindirlər ki, əgər Rusiya Ukraynadan nisbi qələbə ilə çıxmağa nail olarsa, bu halda Avropa ölkələri yaxın 5–10 il ərzində real təhlükə ilə üz-üzə qala bilərlər.

Rusiya Avropa ölkələrinə qarşı hücum niyyətinə də düşə bilər. Bu baxımdan hesab etmək olar ki, böyük ehtimalla Trampın bu taktikası nə Ukrayna, nə də Avropa Birliyi ölkələri tərəfindən dəstəklənməyəcək. Ona görə də Tramp yaxın vaxtlarda növbəti dəfə fikrini dəyişmək məcburiyyətində qala bilər. Əgər Qərb siyasi dairələrində belə bir qənaət mövcuddursa ki, Tramp doğrudan da Ukrayna savaşını dayandırmaq niyyətindədir, o zaman bütün resurslar məhz Rusiyanın zəiflədilməsinə, sülhə məcbur edilməsinə və mümkün qədər təcrid olunmasına yönəldilməlidir. Əks halda Rusiya öz imperialist iştahı ilə təkcə Ukraynanın deyil, digər qonşu postsovet ölkələrinin də ərazilərini ələ keçirmək niyyətindən imtina etməyəcək. Bu baxımdan da əsas hədəf məhz Rusiya olmalıdır. Ukraynanın Rusiyayla paralel sanksiyalara məruz qalması isə kifayət qədər absurd və məntiqsiz bir yanaşma olardı.

Səmayə Səftərova


Paylaş
Şərh əlavə et