Bu gün:

İmam Musa Sədrin taleyinə dair yeni iddialar ortaya çıxıb


BBC Eye Investigations komandasının apardığı araşdırma 1978-ci ildə Liviyada müəmmalı şəkildə yoxa çıxan Livanlı şiə lideri İmam Musa Sədrin taleyinə işıq salıb.

2011-ci ildə jurnalist Kassem Hamadé Tripolidə gizli morqda hündür boylu bir cəsədin fotosunu çəkib. Onun sözlərinə görə, cəsədin sifət quruluşu və saçları Musa Sədrə bənzəyib, üstəlik kəllə sümüyündə güllə və ya ağır zərbə izləri müşahidə olunub. Daha sonra həmin foto Bredford Universitetində “Deep Face Recognition” alqoritmi ilə analiz edilib və nəticələr cəsədin Sədrə “yüksək ehtimalla” aid olduğunu göstərib. Amma təsdiq üçün götürülən saç nümunələri sonradan itib. 

Musa Sədr 25 avqust 1978-ci ildə Muammar Qəddafinin dəvəti ilə Tripoliyə səfər edib, altı gün sonra isə hökumət maşını ilə oteldən çıxarılarkən son dəfə görünüb. O vaxtdan bəri onun taleyi barədə müxtəlif versiyalar irəli sürülüb – bəziləri öldürüldüyünü, digərləri isə hələ də Liviya həbsxanasında saxlanıldığını iddia edib.


Sədrin yoxa çıxması yalnız Livanın deyil, bütün Yaxın Şərqin siyasi tarixinə təsir göstərib. Çünki o, şiə icmasının hüquqlarını müdafiə edib, eyni zamanda xristianlarla dialoqa açıq olan nadir dini-siyasi fiqurlardan biri kimi tanınıb.


Bütün bunlara baxmayaraq, Sədrin təsis etdiyi Amal hərəkatı hər il 31 avqustda onun yoxa çıxmasının ildönümünü qeyd edib və imamın hələ də sağ olduğunu bəyan edib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et