Bu gün:

Von der Leyenin təyyarəsi GPS-siz eniş edib


Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni daşıyan təyyarə bazar günü Bolqarıstanın Plovdiv şəhərinə eniş edərkən GPS naviqasiya xidmətləri işləməyib və pilotlar kağız xəritələrdən istifadə edərək eniş ediblər. 

Hadisə üç rəsmi mənbəyə istinadən Rusiyanın müdaxiləsi kimi qiymətləndirilir. 

Bolqarıstan Hava Hərəkəti Xidmətləri hadisəni təsdiqləyib. Qurum bildirib ki, 2022-ci ilin fevralından bəri GPS siqnallarının boğulması və saxtalaşdırılması halları əhəmiyyətli dərəcədə artıb. Bu müdaxilələr siqnalların düzgün qəbulunu pozur və aviasiya ilə yanaşı yerüstü sistemlərdə də problemlər yaradır.

Kremlin sözçüsü Dmitri Peskov isə FT-yə açıqlamasında məlumatı təkzib edib. Avropa Komissiyası məsələ ilə bağlı şərh verməyib.

GPS siqnallarının boğulması və saxtalaşdırılması əvvəllər əsasən hərbi və kəşfiyyat məqsədləri üçün istifadə olunub, amma son illərdə Rusiyanın bu üsullardan mülki həyatı pozmaq üçün də istifadə etdiyi bildirilir. Avropa hökumətləri xəbərdarlıq edir ki, Rusiyaya aid edilən artan müdaxilələr kommersiya təyyarələrini görməz hala gətirərək hava qəzası riskini artırır.

Qeyd edək ki, Von der Leyen səfərdən sonra eyni təyyarə ilə problemsiz geri dönüb.

Mənbə: Financial Times

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et