Suriyə və İsrail nümayəndə heyətlərinin təhlükəsizlik sazişi ilə bağlı görüşlərinin gündəmdə olduğu bir vaxtda, Təl-Əviv bölgədə silahlı addımlarını davam etdirib.
İsrail ordusu Hermon dağının ətəklərində yerləşən Bat əl-Verda təpəsini ələ keçirib, həmçinin Şamın qərbindəki kəndlərə və Qolan sərhədinə yaxın Beyt Cin bölgəsinə basqın təşkil edib. Suriya hökuməti hadisə ilə bağlı açıqlamasında, 11 hərbi texnika və 60 İsrail əsgərinin Bat əl-Verda təpəsində yerləşdirildiyini, daha 100 əsgərin isə Beyt Cin bölgəsində hərəkət etdiyini bildirib.
Şam Kəndləri Valiliyi isə yerli əhalinin İsrail qüvvələrinin geri çəkilməsini tələb etmək üçün dinc etiraz aksiyası keçirdiyini, lakin etirazçıların gerçək güllələrlə atəşə tutulduğunu açıqlayıb.
İsrail müdafiə naziri İsrael Kats ordunun “Hermon dağının zirvəsində və silahdan azad edilmiş bölgədə qalacağını” bəyan edib.
Suriya Müdafiə Nazirliyi İsrailin bu addımını beynəlxalq hüququn, BMT qərarlarının və dövlət suverenliyinə hörmət prinsiplərinin pozulması kimi qiymətləndirib. Nazirlik həmçinin BMT və Təhlükəsizlik Şurasını məsuliyyət daşımağa, İsrailin bu cür fəaliyyətlərini dayandırmaq üçün təcili və təsirli tədbirlər görməyə çağırıb.
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
