Bu gün:

Rusiya və Çin ilk birgə sualtı patrul keçirib


Rusiya Hərbi Dəniz Donanmasının və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin dizel-elektrik sualtı qayıqları tarixdə ilk dəfə olaraq Asiya-Sakit okean regionunda birgə patrul xidməti həyata keçirib.

Bu barədə Rusiya Sakit okean donanması məlumat yayıb. Patrul xidməti avqustun əvvəlində Yapon dənizində keçirilən “Dəniz qarşılıqlı əlaqəsi – 2025” təlimlərindən sonra başlanıb. Rusiya tərəfdən “Volxov” sualtı qayığı, Çin tərəfdən isə Xalq Azadlıq Ordusunun sualtı qayığı Yapon və Şərqi Çin dənizlərində razılaşdırılmış marşrut üzrə hərəkət edib.

Missiya başa çatdıqdan sonra heyətlər daimi dislokasiya məntəqələrinə qayıdıblar. “Volxov” Vladivostoka dönərək 2 min dəniz milindən çox məsafə qət edib. Patrul zamanı “Qromki” korveti və “Fotı Krılov” xilasedici yedək gəmisi dəstəkləyici rol oynayıb.

Bildirilib ki, ilin əvvəlində Rusiya və Çin donanmaları Yapon dənizində böyük anti-sualtı və dağıdıcı gəmilərlə də birgə patrul xidməti aparıblar. Əsas məqsəd iki ölkə arasında dəniz əməkdaşlığını gücləndirmək və Asiya-Sakit okean regionunda sülh və sabitliyi təmin etmək, həmçinin iqtisadi dəniz obyektlərinin təhlükəsizliyini qorumaqdır.


Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et