Bu gün:

Zelenski: Putinlə danışıqlara Türkiyə ev sahibliyi edə bilər


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə keçirilməsi gözlənilən görüşə dair açıqlama verib. Zelenski bildirib ki, həmin görüşə Türkiyə, Körfəz ölkələri və ya Avropa ölkələri ev sahibliyi edə bilər.

Zelenski deyib:

“Bu həftə Türkiyə, Körfəz ölkələri ilə təmaslarımız olacaq. Ruslarla danışıqlara ev sahibliyi edə biləcək Avropa ölkələri ilə də təmaslarımız olacaq. Müharibəni bitirmək üçün hər şey bizim tərəfimizdən ən yüksək səviyyədə hazırlanacaq”.

“Liderlər formatında görüşməyə hazırıq”

Zelenski bir neçə gün əvvəl sosial şəbəkədəki hesabından paylaşım edərək ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdüyünü bildirib.

O, Rusiyanı danışıqlara məcbur etmək üçün sanksiyalar və tariflər də daxil olmaqla bütün vasitələrin masada olduğunu vurğulayıb və əlavə edib:

“Biz liderlər formatında görüşməyə hazırıq. Əsas məsələlərin həlli üçün bu format vacibdir. Artıq Moskvadan da eyni qətiyyət gözlənilir”.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et