Bu gün:

Tibb elmini siyasət və humanizm ilə birləşdirən xanım – Mehriban Əliyevanın həyat hekayəsi


Bu gün – 26 avqust – Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. O, 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib və uşaqlıqdan elmi-intellektual mühitdə formalaşıb.

Orta məktəbi “qızıl medalla” bitirən Mehriban Əliyeva təhsilini əvvəlcə Bakıda, daha sonra isə Moskvada davam etdirib. 1988-ci ildə Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, oftalmologiya sahəsində çalışıb və elmi araşdırmalar aparıb. Onun tibb elminə olan marağı bir müddət həkimlik fəaliyyəti ilə də müşayiət olunub.
1990-cı illərin ortalarından etibarən o, ictimai və humanitar fəaliyyətə yönəldi. Azərbaycan Mədəniyyət Fondunu təsis etdi, “Azərbaycan – İrs” jurnalını nəşrə hazırladı, 2002-ci ildə isə Gimnastika Federasiyasının prezidenti seçildi. Xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyəti ilə Azərbaycanın sosial, mədəni və humanitar inkişafına böyük töhfələr verdi. Bu fondun dəstəyi ilə ölkədə məktəblər, uşaq bağçaları, xəstəxanalar, tarixi abidələr və mədəni obyektlər bərpa olunub.
Mehriban Əliyevanın siyasi fəaliyyəti də diqqət çəkir. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavini, 2017-ci ildən isə ölkənin ilk Birinci vitse-prezidenti kimi fəaliyyət göstərir. O, UNESCO və ISESCO tərəfindən “Xeyirxahlıq səfiri” adına layiq görülüb, Fransanın “Legion of Honour” ordeni də daxil olmaqla bir çox beynəlxalq mükafatlarla təltif olunub. 2025-ci ildə isə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti tərəfindən “Dostluq Ordeni” ilə mükafatlandırılıb.
Mehriban Əliyeva bu illər ərzində həm Azərbaycanda, həm də beynəlxalq aləmdə humanizm, xeyriyyəçilik və mədəniyyətin təbliği ilə seçilən bir lider kimi tanınıb.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et