Bu gün:

Rusiya Qərbdən kənarda media təsirini artırır


Çilidə yaşayan yük maşını sürücüsü Xavyer Qalyardo adi günlərdən birində televizoru açanda gözləmədiyi mənzərə ilə qarşılaşıb. Klassik musiqi əvəzinə qarşısına döyüş meydanı görüntüləri çıxıb.

Ekranın küncündə isə yaşıl loqoda “RT” yazılıb. Araşdırma apardıqdan sonra o, bunun dövlət dəstəyi ilə yayımlanan rus xəbər kanalı Russia Today (RT) olduğunu öyrənib.

Məlumata görə, Çilidəki xüsusi televiziya kanalı Telecanal, RT-yə yayım haqqı verib. Ölkənin səlahiyyətli qurumları bunun qanun pozuntusu olduğunu bildirərək kanala qarşı sanksiya proseduruna başlayıb. Telecanal isə məsələ ilə bağlı açıqlama verməyib.

Son illərdə RT və Sputnik beynəlxalq miqyasda fəaliyyətini genişləndirib. Afrika, Balkanlar, Yaxın Şərqi Asiya və Latın Amerikasında ofislər açan Rusiya mediası, bəzi ölkələrdə jurnalistlər üçün təlim proqramları da təşkil edib. Bu proses Qərb mediasının bölgələrdən çəkildiyi və büdcə ixtisarları etdiyi dövrə təsadüf edir.

Xatırladaq ki, Ukraynanın işğalından sonra ABŞ, Böyük Britaniya, Kanada və Avropa İttifaqı RT-yə qadağalar qoyub. ABŞ administrasiyası hətta kanal rəhbərliyini sanksiya siyahısına salıb.

Ekspertlərin sözlərinə görə, Rusiya mediada boşluq olan regionlara “su kimi sızır” və Qərb əleyhinə əhval-ruhiyyədən istifadə edərək öz təsir dairəsini genişləndirir.

Mənbə: BBC

Tərcümə: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et