İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücum nəticəsində Nəsr Xəstəxanası hədəf alınıb. Hadisə zamanı azı 15 fələstinli həyatını itirib. Ölənlər arasında 5 jurnalist də var.
Onların Hüsam əl-Məsri, Məhəmməd Salama, Məryəm Əbu Daka və Moaz Əbu Taha olduğu açıqlanıb.
Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Fələstin xalqının ehtiyac duyduğu əsas məsələnin beynəlxalq birlikdə kollektiv addımların atılması olduğunu bildirib.
“Güclü koordinasiyalı təzyiqə ehtiyac var. İsrail daimi həll üçün təzyiq altında saxlanılmalıdır,” – deyə Fidan vurğulayıb.
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese də İsrailin hücumuna sərt etiraz edib. O, X sosial şəbəkəsində paylaşım edərək bildirib:“Dövlətlərə yalvarıram, bu qətliamı dayandırmaq üçün hərəkətə keçmədən öncə daha nə qədər insanın öldürülməsini izləməlisiniz?”
Albanese həmçinin Qəzzaya tətbiq edilən mühasirənin aradan qaldırılmasını, İsrailə qarşı silah embarqosu və sanksiyaların tətbiqini tələb edib.
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
