Avqustun 25-də İsrailin cənubi Qəzzadakı əl-Nəsir xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində azı 20 nəfər, o cümlədən dörd jurnalist həyatını itirib. Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, həlak olanlar arasında Reuters əməkdaşı Hussam əl-Masri, Associated Press-in müxbiri Mariam Əbu Daqqa, Əl-Cəzirənin jurnalisti Mohammed Salam və NBC-nin əməkdaşı Moaz Əbu Taha var. Digər Reuters fotoqrafı Hatem Khaled isə yaralanıb.

Hadisə zamanı çəkilmiş görüntülərdə xilasedicilərin və jurnalistlərin Masrinin cəsədini çıxarmağa çalışarkən ikinci bombanın hədəfinə düşdüyü əks olunub. Nəticədə, bir neçə nəfər yerindəcə həlak olub.
Beynəlxalq media qurumları itkilərlə bağlı bəyanat yayıb. AP Mariam Əbu Daqqanın ölümündən sarsıldığını açıqlayıb, Reuters isə həmkarlarının öldürülməsi və yaralanmasını dəhşətli xəbər adlandırıb.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 7 oktyabr 2023-dən bəri Qəzzada azı 192 fələstinli jurnalist öldürülüb. Bu, son üç ildə dünyada həlak olan jurnalistlərin ümumi sayından çoxdur. Komitə İsrailin Qəzzada jurnalistləri məqsədli şəkildə hədəfə aldığını bildirib.
İsrail ordusu hadisə ilə bağlı ilkin araşdırmaya başladığını elan edib və sivillərə dəyən ziyana görə təəssüf etdiyini açıqlayıb. Lakin İsrailin hərbi cinayətlərə dair istintaqlarının əksəriyyəti nəticəsiz qalır. 2022-ci ildə israilli snayper tərəfindən öldürülən fələstinli-amerikalı Əl-Cəzirə jurnalisti Şirin Əbu Aklehin işi üzrə də yekun qərar verilməyib.
Əl-Nəsir xəstəxanası hazırda cənubi Qəzzada fəaliyyət göstərən yeganə dövlət xəstəxanasıdır. Səhiyyə Nazirliyi hücumu səhiyyə sisteminin sistemli dağıdılması adlandırıb.
Həmin gün Qəzzanın müxtəlif yerlərində başqa hücumlar da qeydə alınıb. Mərkəzi Qəzzada humanitar yardım növbəsində duran azı 6 nəfər güllələnərək öldürülüb, Qəzza şəhərinə hava hücumunda isə azı 3 nəfər, o cümlədən bir uşaq həyatını itirib.
Rəsmilərin son hesabatına görə, 22 aylıq müharibə ərzində Qəzzada ölənlərin sayı 62,686 nəfərə çatıb. İsrail əməliyyata 7 oktyabr 2023-də Hamasın hücumları nəticəsində İsraildə 1,200 nəfərin öldürülməsi və 250 nəfərin girov götürülməsindən sonra başlayıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
