Bu gün:

Vyetnamda 500 mindən çox insana təxliyə əmri verilib


Vyetnam “Kajiki” tayfununun yaxınlaşması ilə əlaqədar olaraq 586 mindən çox insanın təxliyə edilməsinə göstəriş verib. Sinoptiklərin məlumatına görə, hazırda küləyin sürəti saatda 166 km-ə (103 mil) çatır və bazar ertəsi səhər saatlarında sahilə çıxmadan əvvəl daha da güclənəcəyi gözlənilir.

Mərkəzi bölgələr – Thanh Hoa, Quang Tri, Hue və Da Nang əyalətlərində sakinlər evlərini tərk etməyə məcbur edilib. Uçuşlar ləğv olunub, qayıqlara isə dənizə çıxmaq qadağan edilib.

Tayfun hazırda Çinin Hainan adasının yanından keçir. Ölkənin hava proqnozu xidməti bölgədə 320 mm-ə (12,6 düym) qədər yağıntının düşəcəyini bildirib.

BBC Weather-in məlumatına görə, “Kajiki” Vyetnam ərazisinə daxil olduqdan sonra zəifləsə də, yenə də ölkəni saatda 200 km sürətli küləklə və 300-400 mm yağıntı ilə vuracaq.

Bundan əlavə 2-4 metr (6,6-13 fut) hündürlüyündə dalğaların yaranacağı gözlənilir.

Hakimiyyət orqanları proqnozlaşdırılan fırtına yolunda yaşayan sakinlərə bazar günü saat 14:00-dan (GMT) sonra çölə çıxmamağı tövsiyə edib. Bildirilir ki, əhaliyə kömək üçün hərbçilər də əraziyə cəlb olunub.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et