İsrail aylarla davam edən işgəncə, pis rəftar və tibbi laqeydlikdən sonra Qəzza zolağından 13 fələstinli məhbusu azad edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) "13 fələstinli azad edilərək Kərəm Əbu Səlim sərhəd-keçid məntəqəsindən Əl-Əqsa Şəhidləri Xəstəxanasına köçürülüb. Komandamız onların ailələri ilə təmaslarını və birləşmələrini asanlaşdırıb" ifadələri ilə bəyanat yayıb.
Qeyd olunub ki, Qırmızı Xaç mart ayından bəri 5-i qadın olmaqla 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad edilməsinə şərait yaradıb, onların ailələrinə qovuşmasına kömək edib.
Bəyanatda vurğulanıb ki, İsrail həbs etdiyi fələstinlilərin adlarını açıqlamalı və onlara ziyarət hüququ verməlidir. “Beynəlxalq humanitar hüquqa uyğun olaraq, məhbuslarla humanist rəftar edilməli, ağlabatan saxlanma şəraiti yaradılmalı, onların ailələri ilə əlaqə saxlamaq imkanı təmin edilməlidir”.
Keçmiş fələstinli məhbusların bildirdiyinə görə, bir çox məhbus İsrail həbsxanalarında qida çatışmazlığı və ağır işgəncələr səbəbiylə yaşadıqları sağlamlıq problemlərinə görə sərbəst buraxılır.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda əksəriyyəti uşaq və qadınlardan ibarət 62 min 686 fələstinli həlak olub, 157 min 951 nəfər isə yaralanıb. 9 mindən çox insan itkin düşüb, yüz minlərlə insan isə qaçqın düşüb. İsrailin qoyduğu aclıq 115-i uşaq olmaqla 289 nəfərin ölümü ilə nəticələnib.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
