Bu gün:

Xəzər dənizi sürətlə çəkilir


Son illərdə Xəzər dənizində müşahidə olunan səviyyə azalması getdikcə daha ciddi təhlükəyə çevrilir. Rəsmi məlumatlara görə, son 30 ildə dənizin səviyyəsi 2,5 metr enib və bu proses hazırda ildə 20–30 santimetr sürətlə davam edir.

Alimlər xəbərdarlıq edir ki, bu dinamika davam edərsə, yaxın onilliklərdə Xəzər regionunu həm ekoloji, həm də iqtisadi böhran gözləyir.
Ən böyük zərbəni ekosistem alır. Dənizdə nəsli kəsilmək təhlükəsi ilə üzləşən nərə balıqları və Xəzər delfinlərinin çoxalması üçün vacib olan dayaz sahələr artıq yox olmağa başlayıb. Bu isə həm balıqçılıq təsərrüfatına, həm də biomüxtəlifliyə ciddi zərər vurur.
Problemin iqtisadi tərəfi də az deyil. Bakı yaxınlığındakı Dubəndi neft terminalında gəmilərin giriş-çıxışı çətinləşib. Bunun qarşısını almaq üçün hökumət yaxın vaxtlarda yeni dərinləşdirici (dredjinq) gəmini işə salmağı planlaşdırır. Mütəxəssislər bildirirlər ki, əgər vaxtında tədbir görülməsə, liman infrastrukturuna böyük itkilər dəyə bilər.
Ekoloqlar isə hesab edir ki, prosesin əsas səbəbi iqlim dəyişikliyi və regionda temperaturun yüksəlməsidir. Son 50 ildə Xəzər hövzəsində orta illik istiliyin 1,5 dərəcə artması, buxarlanmanı sürətləndirərək dənizin səviyyəsinin enməsinə yol açıb.
Bu tendensiya dayandırılmasa, 2100-cü ilə qədər Xəzərin sahəsi 20 faizədək kiçilə bilər. Bu isə həm Azərbaycanın, həm də regionun enerji, nəqliyyat və ekoloji təhlükəsizliyi üçün böyük risk deməkdir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et