Bu gün:

Trampın Çikaqoya qoşun göndərmək planı səlahiyyətdən sui-istifadədir


ABŞ-nin İllinoys ştatının demokrat qubernatoru bildirib ki, prezident Donald Trampın Çikaqoya qoşun yeritmək planı səlahiyyətdən sui-istifadədir.

JB Pritzker açıqlamasında Milli Qvardiyanın İllinoys ştatına göndərilməsini əsaslandıran heç bir fövqəladə hal olmadığını və ABŞ prezidentinin "böhran yaratmağa cəhd etdiyini" söyləyib.

Tramp artıq ABŞ şəhərlərində cinayətə qarşı mübarizə kimi təsvir etdiyi işin bir hissəsi kimi yerli hökumətin də müxalif Demokratlar tərəfindən idarə olunduğu Vaşinqtona təxminən 2000 əsgər göndərib. Cümə günü Tramp bu siyasəti Çikaqo və Nyu Yorkda - Demokratların nəzarətində olan digər iki böyük şəhərdə həyata keçirəcəyini söyləyib. Çikaqo meri Brandon Conson Trampın şərhlərinə cavab verərək, Milli Qvardiyanın Çikaqoya yeridilməsi ilə bağlı heç bir məlumat almadığını bildirib.

O, şəhər hökumətinin qoşunların hər hansı bir yerləşdirilməsi ilə bağlı "ciddi narahatlığını" ifadə edərək, prezidentin yanaşmasını "koordinasiya olunmayan, çağırılmayan və əsassız" adlandırıb.

Conson əlavə edib ki, "qanunsuz yerləşdirmə" "sakinlərlə hüquq-mühafizə orqanları arasında gərginliyi alovlandıra" və şəhərin cinayətin azaldılmasında əldə etdiyi irəliləyişə təhlükə yarada bilər.


Mənbə: BBC 

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et