Qars–İğdır–Aralıq–Dilucu Dəmir Yolu Xəttinin təməli qoyulub. Təxminən 110 milyard lirəlik investisiya ilə inşa ediləcək bu xəttin illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma gücü olacaq.
Zəngəzur Dəhlizinin açılması Türkiyənin strateji mövqeyini daha da gücləndirəcək, Asiya, Qafqaz, Türkiyə və Avropa arasında fasiləsiz nəqliyyat zənciri yaradacaq. Bu, həm daşıma müddətini və xərcləri azaldacaq, həm də ticarət və investisiyaları artıracaq.
Layihə çərçivəsində 5 tunel, 19 aç–qapa tunel, 3 viyadük, 10 körpü, 144 alt keçid, 27 üst keçid və 480 menfəz tikiləcək. Xəttin 2029-cu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu çıxışında bildirib ki, bu xətt yalnız dəmir yolu deyil, həm də Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən beynəlxalq iqtisadi körpü rolunu oynayacaq. Nazir vurğulayıb ki, Türkiyə son 23 ildə nəqliyyata 300 milyard dollara yaxın sərmayə yatırıb, bunun böyük hissəsi dəmir yollarına yönəldilib.
Uraloğlu layihənin beynəlxalq sülh və rifah üçün bir yol xəritəsi olduğunu qeyd edib və Zəngəzur Dəhlizinin regional əməkdaşlığı gücləndirəcəyini, ticarət və iqtisadi əlaqələri möhkəmləndirəcəyini vurğulayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ətirə İbayeva
