İsrail ordusunun planlaşdırdığı quru hücumunun ilk mərhələlərinə başlamasından sonra çoxlu sayda fələstinli Qəzza şəhərini tərk etməyə davam edir.
Günlərdir davam edən intensiv bombardman və artilleriya atəşindən sonra İsrail əsgərləri bir milyondan çox fələstinlinin yaşadığı şəhərin kənarında baza yaradıblar. BMT-nin Baş katibi Antonio Quterreş “hücumun qaçılmaz olaraq səbəb olacağı ölüm və dağıntıların qarşısını almaq üçün” dərhal atəşkəs çağırışını təkrarlayıb. Beynəlxalq tənqidlərə baxmayaraq, İsrail bütün Qəzza şəhərini ələ keçirmək planını həyata keçirməyə davam edir.
Ordu sözçüsü bildirib ki, qoşunlar quru əməliyyatına hazırlıq məqsədilə Zeytun və Cəbəliyə bölgələrində əməliyyat keçirib. Qəzza şəhərinin işğal planı ayın əvvəlində İsrail Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənib. Avqustun 19-da müdafiə naziri İsrael Katz tərəfindən təsdiqlənən hücum planının həftəsonundan əvvəl kabinetə təqdim ediləcəyi gözlənilir.
Mənbə: BBC news
Tərcümə etdi:Aysel Mirzəyeva
