Avqustun 17-dən 20-nə qədər Macarıstanın paytaxtı Budapeştdə keçirilən 39-cu Beynəlxalq Folklor Sənəti Festivalında Azərbaycan xüsusi qonaq ölkə statusunda iştirak edib. Dünyanın müxtəlif guşələrindən onlarla ölkənin qatıldığı festivalda milli sənət nümunələri, əl işləri və folklor ənənələri təqdim olunub.

Azərbaycanın pavilyonu isə rəngarəngliyi ilə diqqət çəkib. Burada xalçaçılıq sənəti, ipək kəlağayılar, milli geyimlər və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib. Tədbir çərçivəsində Azərbaycan ustaları canlı şəkildə xalça toxuma prosesini, kəlağayı üzərində bədii naxışların işlənməsini tamaşaçılara təqdim ediblər. Festival ziyarətçiləri həm qədim ənənələrlə tanış olub, həm də milli musiqi və rəqs nömrələrini izləyiblər.
Azərbaycanın festivala qonaq ulduz kimi dəvət olunması ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilir. Macarıstan ictimaiyyəti və festival iştirakçıları Azərbaycan pavilyonuna böyük maraq göstərib, təqdim olunan sənət nümunələrini yüksək qiymətləndiriblər. Tədbir həm də iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi üçün yeni imkanlar açıb.
Hazırladı: Gülay Bədirli
