Bu gün:

Mahmur Düşərgəsinin gələcəyi müzakirə olunur


İraqın şimalında yerləşən və təxminən 12 min nəfərin yaşadığı Mahmur Qaçqınlar Düşərgəsi yenidən gündəmə gəlib. Sakinlərinin böyük hissəsi 1990-cı illərdə Türkiyədən köçən ailələrdən ibarətdir.

Son günlər bəzi media qurumları Ankara, Bağdad və Ərbil rəhbərliklərinin düşərgənin boşaldılması üçün mexanizm hazırladığını və bu prosesin yaxın zamanda həyata keçiriləcəyini iddia edib.

Məlumata görə, PKK lideri Abdullah Öcalan düşərgə sakinlərinə məktub göndərib. Düşərgənin idarəçilərindən Filiz Budak məktubun göndərildiyini təsdiqləsə də, hələlik boşaldılma ilə bağlı konkret addımın atılmadığını bildirib.

Mahmur düşərgəsi 1998-ci ildə Mosul yaxınlığında qurulub və illər ərzində PKK-nın təsiri altında qalıb. Ankara uzun müddətdir düşərgənin bağlanmasını tələb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2021-ci ildə Mahmuru “Kandilin yumurtlama yuvası” adlandıraraq oraya qarşı mübarizənin vacibliyini vurğulayıb. 

Son illərdə düşərgə Türkiyənin hava əməliyyatlarına hədəf olub. 2023-cü ildə isə PKK silahlı qüvvələrini düşərgədən çəkdiyini açıqlayıb.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et