Bu gün:

Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri üzrə müzakirələr aparır


Avropa liderləri Volodimir Zelenski ilə Vaşinqtondakı görüşdən sonra Vladimir Putinin Ukrayna prezidenti ilə görüşməyə hazır olub-olmadığı barədə qeyri-müəyyənlik şəraitində yeni danışıqlar aparır.

“İstəkli koalisiya” adlandırılan qrup əvvəlcə Keir Starmer və Emmanuel Macron tərəfindən həmsədrlik edilən virtual görüşdə bir araya gəlib, daha sonra Avropa Şurası prezidenti Antonio Costa tərəfindən təşkil olunan video konfransda iştirak edib.

AB-nin Vaşinqtondakı diplomatik fəaliyyəti, Zelenski ilə birgə tarixi ziyarətdən sonra Donald Trump-ın Putinə qarşı daha sərt mövqe tutmasını təşviq etməyə yönəlmişdi. Trump və bir neçə Avropa lideri bazar ertəsi günü bildirdilər ki, Putin Ukrayna ilə üç buçuk illik müharibəni sona çatdırmaq üçün yaxın həftələrdə Zelenski ilə üzbəüz görüşməyə razıdır.

Macron çərşənbə günü bu görüş üçün Cenevrəni təklif etdi, ABŞ-nin yüksək səviyyəli rəsmisi isə Macarıstanın da nəzərdən keçirildiyini Reuters-ə bildirib. Moskva hələlik belə bir görüşün – işğaldan sonra iki lider arasında ilk görüşün – təşkil ediləcəyini təsdiqləməyib.

Kremlin müşaviri Yuri Uşakov yalnız Trump ilə Putinin Ukrayna danışıqlarında “nümayəndə səviyyəsini artırmaq” ideyasını müzakirə etdiyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkə televiziyasına verdiyi açıqlamada, rus və ukrayna prezidentləri arasında hər hansı görüşün “çox diqqətlə” hazırlanmalı olduğunu söyləyib.

Trump Fox News-a verdiyi müsahibədə, Rusiya liderinin saziş bağlamaq istəməməsinin mümkün olduğunu etiraf edib. O bildirib: “Növbəti bir neçə həftə ərzində Prezident Putinin niyyətini öyrənəcəyik… Mümkündür ki, o, razılıq istəməsin.”

Avropa tərəfdarları arasında aparılan danışıqların mərkəzində Ukraynaya hansı təhlükəsizlik zəmanətlərinin verilə biləcəyi məsələsi dayanır. Zelenski bazar ertəsi günü təhlükəsizlik zəmanətlərini “müharibəni sona çatdırmaq istiqamətində əsas məsələ” adlandırıb və ABŞ-ın bu zəmanətdə iştirak etməyə hazır olduğunu qiymətləndirib.

Böyük Britaniya və bir sıra Avropa ölkələri, gələcək sülh sazişi çərçivəsində Ukraynaya göndəriləcək “təminat qüvvəsi” ideyasını irəli sürüblər. Bu planlar ABŞ-nin dəstəyini tələb edir, lakin Trump hər hansı bir razılaşmanın təminatçısı kimi ABŞ əsgərlərinin göndərilməsinə qarşı çıxıb. O, müsahibəsində ABŞ-nin hava əməliyyatlarında iştirak etməyə hazır olduğunu söyləyib.

Moskva bazar ertəsi axşam NATO personalının Ukraynada yerləşdirilməsi ehtimalını rədd edib: “Biz Ukraynada NATO kontingentinin yerləşdirilməsi ilə bağlı hər hansı ssenarilərə qəti etirazımızı təsdiqləyirik,”- deyə Rusiya xarici işlər nazirliyi bəyan edib.

Digər təhlükəsizlik zəmanəti təkliflərinə Qərb tərəfdarlarının Ukraynaya NATO-nun kollektiv müdafiə öhdəliyi kimi bir qoruma verməsi daxildir. İtaliyanın baş naziri Giorgia Meloni bəyan edib ki, Ukrayna NATO-ya qoşulmayacaq, amma Qərb tərəfdarları “kollektiv təhlükəsizlik bəndi” ilə Ukraynaya bütün tərəfdaşlarının dəstəyini təmin etməyə hazır olacaqlar, o cümlədən ABŞ əgər yenidən hücuma məruz qalsa, hərəkətə keçəcək.

Zelenski bildirib ki, Ukrayna silahlı qüvvələrinin ölçüsünü məhdudlaşdıran hər hansı sazişi rədd edəcək və “güclü Ukrayna ordusu”nun ölkənin təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmasını tələb edir. Bu təkliflər, Putinin müharibəni sona çatdırmaq üçün əvvəllər irəli sürdüyü şərtlərə ziddir.

Vaşinqtondakı görüşdə Trump-a qarşı Avropa liderləri müsbət və tərifkar ton tutsa da, Rusiya tələbləri ilə Ukraynanın güzəştə getməyə hazır olması arasında böyük fərq qalır. Alaska sammitində Trump-ın nələri təklif etdiyi və Putin-in nəyi qəbul etdiyi barədə hələ də böyük çaşqınlıq mövcuddur.

Bəzi müşahidəçilər hesab edirlər ki, bütün diplomatik manevrlərə baxmayaraq, müharibəni sona çatdırmaq istiqamətində çox az irəliləyiş var. Keçmiş Fransanın ABŞ səfiri Gérard Araud X-də yazıb: “15 avqustda Ankoricdə heç nə baş vermədi. Dünən Vaşinqtonda da heç nə baş vermədi. Putin, Zelenski və Avropa liderləri rahatladılar: Trump-ın istənməyən qərarlar qəbul etməsinin qarşısını aldılar. Bu, boş və mənasız öhdəliklərin zəfəri idi”.

Mənbə: The Guardian  

Tərcümə etdi: Rəna Qarayeva


Paylaş
Şərh əlavə et