İyulun sonunda İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) Türkiyə ordusunun inventarına yaxın zamanda daxil olan və ya gələcəkdə daxil olacaq yeni hərbi sistemlər ictimaiyyətə təqdim olunub.
Sərgidə ilk dəfə nümayiş etdirilən texnologiyalar arasında ballistik raketlər, elektron müharibə sistemləri, şifrəli rabitə şəbəkələri və fiber optik kabellə idarə olunan pilotsuz uçuş aparatları yer alıb.
BBC Türkçəyə danışan ekspertlər hesab edirlər ki, təqdim olunan yeni silah sistemləri Türkiyənin mövcud müdafiə doktrinasında dəyişikliklərə işarə edir.
Ballistik raketlər ön plana çıxır
IDEF-də ən çox diqqət çəkən sistemlərdən biri isə ROKETSAN tərəfindən hazırlanmış TAYFUN Blok-4 ballistik raketi olub. On metr uzunluğunda və 7 min 200 kiloqram ağırlığında olan bu raket ROKETSAN tərəfindən “Türkiyənin milli imkanlarla istehsal etdiyi ən uzun mənzilli ballistik raket” kimi təqdim olunur.
Şirkətin açıqlamasına görə, Tayfun ailəsinin digər raketlərinin mənzili ən azı 280 kilometrdir. Blok-4-ün dəqiq mənzili açıqlanmasa da, mediada onun min kilometrə qədər çata biləcəyi barədə məlumatlar yayılıb.
Ekspertlərin dəyərləndirməsi
İzmir İqtisadiyyat Universitetindən dosent doktor Sıtkı Egeli, raketin ölçü və çəkisindən çıxış edərək onun mənzilinin min kilometrdən çox ola biləcəyini ehtimal edib.
Kütləvi qırğın silahları və raket texnologiyaları üzrə ixtisaslaşan Egeli BBC-yə açıqlamasında belə deyib: “Bərk yanacaqlı olması etibarilə inkişaf etmiş bir dizayndır. Keçmişdə özünü sübut etmiş üç platformaya əsaslanması baxımından da etibarlı bir layihədir".
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
