ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması mümkün deyil. O, həmçinin 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krımın geri qaytarılmayacağını bildirib.

Tramp bu açıqlamaları Rusiya lideri Vladimir Putinlə Alyaskada keçirilən sammitdən sonra verib. Sammitdə atəşkəs tələbi gündəmdən çıxarılaraq daimi sülh sazişinə çağırış edilib.
ABŞ-nin nümayəndəsi Stiv Vitkoff bildirib ki, Putin Ukrayna üçün NATO-ya bənzər təhlükəsizlik zəmanətlərinə razılıq verib. Bu, Avropa və ABŞ-nin Ukraynanı gələcək hücumlardan qorumasını nəzərdə tutur.
Diplomatik mənbələrə görə, Avropa liderləri Trampın Ukrayna prezidenti Volodimir Zelenskini güzəştə getməyə məcbur edə biləcəyindən narahatdır. Lakin ABŞ dövlət katibi Marko Rubio bu iddiaları “media uydurması” adlandırıb.
Zelenski isə virtual sammitdə bildirib ki, Ukrayna Konstitusiyası ərazi güzəştlərinə imkan vermir və bu məsələ yalnız ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşdə müzakirə oluna bilər.
Hazırda Rusiya qoşunları Ukrayna ərazisinin təxminən beşdə birini nəzarətdə saxlayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
