Bu gün:

Dondurma yeyəndə niyə dişlərimiz ağrıyır?


Elm adamları müəyyən ediblər ki, dondurma yemək və ya çox soyuq içkilər içmək bəzi insanlarda dözülməz diş ağrılarına səbəb ola bilər. “Science Advances” jurnalında dərc olunan tədqiqatda dişlərdəki temperatur dəyişikliklərinə həssas olan hüceyrələr və siqnallar müəyyən edilib. Alimlərə görə, diş çürüməsi olan insanlar bu ağrıya daha çox meyllidirlər, çünki dentin ifşa olunur və sinirlərə yol açılır. 

Odontoblast adlanan hüceyrələr dişin daxili pulpası ilə xarici sərt qat – dentin və minanın arasında yerləşir. Dentin açıq qaldıqda temperatur və ya müəyyən mayelər dişdə ağrıya səbəb olur. Tədqiqatçılar siçanlar və insan dişləri üzərində apardıqları araşdırmalarda TRPC5 adlı kanalın rolunu təsbit ediblər. Məlum olub ki, bu kanal dentin həssaslığında və diş ağrılarında əsas mexanizmdir. 

Mütəxəssislər hesab edirlər ki, TRPC5 kanalını bloklayan xüsusi zolaqlar, diş lentləri və ya saqqızlar diş ağrısının qarşısını almaqda təsirli ola bilər. Qeyd edək ki, diş ağrısı üçün istifadə edilən mixək yağının tərkibində də TRPC5 yolunu bloklayan eugenol maddəsi mövcuddur. Alimlər bildirirlər ki, diş ağrısı yaşayan insanlar mütləq həkimə müraciət etməlidirlər. Ancaq dişləri qorumaq üçün onları gündəlik fırçalamaq və ağız gigiyenasına diqqət etmək, şəkərli və turşulu qidaları tez-tez qəbul etməmək lazımdır. 

Mənbə: BBC Türk 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et