HƏMAS İsrailin Qəzzada davam edən soyqırımına və işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məskənlərini genişləndirmək planlarına etiraz etmək üçün sabah bütün dünyada kütləvi nümayişlərə çağırıb.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin "E1" layihəsi vasitəsilə işğal altındakı İordan çayının qərb sahilinin işğalını genişləndirəcəklərini açıqlamasının ardından Həmas yazılı açıqlama yayıb.
Bəyanatda “Cümə günü qəzəb günü olsun, Qəzzaya dəstəyin vurğulanması və İordan çayının qərb sahilini ələ keçirmə planlarının rədd edilməsi” deyilir.
Qeyd olunub ki, Qəzzada davam edən soyqırım, aclıq və blokadaya, faşist İsrail hökumətinin qanunsuz məskunlaşmalarını genişləndirməsinə əsl cavab ictimai meydanlar və müqavimətdir.
Bu məqsədlə İordan çayının qərb sahilindəki bütün şəhərlər, kəndlər və düşərgələrdəki fələstinlilərdən “Fələstin xalqını öz torpaqlarından qoparmaq və onları ləyaqətlə yaşamaq hüququndan məhrum etmək məqsədi daşıyan ilhaq və müsadirə planlarına” qarşı “Qəzəb Cüməsi” tədbirlərinə qatılmaları istənilib. Bəyanatda bu tədbirlərin Fələstin daxilində və bütün dünyada intensiv şəkildə təşkil edilməsinin vacibliyi vurğulanaraq, bunun “İsrail daimi deyil və ilhaq layihəsi xalqın iradəsi və müqaviməti ilə məhv ediləcək” mesajını verəcəyi qeyd edilib.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
