Bu gün:

Melaniya Tramp Hanter Baydeni məhkəməyə verməklə hədələyib


ABŞ-ın birinci xanımı Melaniya Tramp, gələcək həyat yoldaşı Donald Tramp ilə onu maliyyəçi Ceffri Epşteynin tanış etdiyini iddia edən Hanter Baydenə qarşı 1 milyard dollardan çox məbləğdə iddia qaldırmaqla hədələyib.

Epşteyn məşhurları və məmurları öz şəxsi adasına aparması ilə tanınırdı və 2019-cu ildə həbsdə olarkən intihar edib. O, təcavüz, seksual istismar, insan alveri, qadın və uşaqları qul kimi saxlama, həmçinin adam oğurluğu kimi ittihamlarla üzləşmişdi.

Keçmiş prezident Co Baydenin oğlu Hanter Bayden, Tramp ailəsinin guya Epşteyn vasitəsilə tanış olduğunu, ayın əvvəlində rejissor Endryu Kelleqana verdiyi müsahibədə deyib.

Fox News telekanalı tərəfindən dərc olunan rəsmi məktubda, 2005-ci ildə Donald Trampla evlənən birinci xanımın vəkilləri bu iddianı “yalan, böhtan xarakterli, nüfuzdan salan və təxribatçı” adlandırıblar.

Donald Tramp Epşteynin dostu idi, lakin iddia edir ki, 2000-ci illərin əvvəlində onunla yolları ayrılıb, çünki Epşteyn guya Floridadakı qolf-klubunun spa salonunda işləyən əməkdaşlarını ələ alıb.

Birinci xanımın vəkilləri tərəfindən Hanter Baydenin vəkilinə ünvanlanan məktubda, iddianın təkzib edilməsi və üzr istənilməsi tələb olunur, əks halda “1 milyard dollardan çox” məbləğdə məhkəmə iddiası qaldırılacağı bildirilir.

Sənəddə deyilir ki, birinci xanım bu iddialara görə “böyük maliyyə və reputasiya zərəri” çəkib.

Bundan əlavə, məktubda Baydenin “başqalarının adından sui-istifadə etmək tarixçəsinə malik olduğu” və bu iddianı “özünə diqqət çəkmək üçün” təkrarladığı qeyd olunur.

Kelleqana verdiyi geniş müsahibədə Hanter Bayden, Epşteynlə bağlı yayımlanmamış sənədlərin prezident Trampı “ifaşa edə biləcəyini” deyib.

Xüsusilə, o belə deyib: “Epşteyn Melaniyanı Trampla tanış edib — bu qədər geniş və dərin əlaqələr var”.

Birinci xanımın rəsmi məktubunda bu iddianın qismən prezidentin tənqidi bioqrafiyasının müəllifi jurnalist Maykl Vulfa aid edildiyi qeyd olunur.

Amerikanın The Daily Beast nəşrinə verdiyi son müsahibədə Vulf bildirib ki, birinci xanım indiki həyat yoldaşı ilə tanış olanda Epşteynin və Trampın tərəfdaşlarından biri ilə tanış idi. Daha sonra nəşr həmin materialı silib.

The Daily Beast-in arxiv versiyasında belə yazılıb: “Material dərc olunduqdan sonra The Beast birinci xanım Melaniya Trampın vəkilindən məqalənin başlığı və təqdimatını mübahisələndirən məktub aldı. Məsələni araşdırdıqdan sonra The Beast materialı sildi və yarana biləcək anlaşılmazlıqlara görə üzr istədi”.

Birinci xanımın məktubunda deyilir ki, Hanter Bayden öz iddialarını artıq silinmiş məqaləyə əsaslandırıb, bu isə “yalan və böhtandır”.

Hal-hazırda Epşteynin Trampları tanış etdiyinə dair heç bir sübut yoxdur.

2016-cı ilin yanvarında Harper’s Bazaar jurnalı yazırdı ki, Melaniya 1998-ci ilin noyabrında Tramp ilə model agentliyinin təsisçisi tərəfindən təşkil edilən bir şənlikdə tanış olub.

Melaniya həmin nəşrə bildirib ki, o zaman Trampa telefon nömrəsini verməkdən imtina edib, çünki o, “bir qızla idi”.

Materialda qeyd olunurdu ki, həmin vaxt Tramp ikinci həyat yoldaşı Marla Meyplzdən (ilk həyat yoldaşı 1977–1990-cı illərdə evli olduğu İvana Tramp idi) yeni boşanmışdı.

Melaniya Trampın vəkili Alehandro Brito, BBC-nin məhkəmə təhdidləri ilə bağlı sualına cavab olaraq, birinci xanımın köməkçisi Nik Klemensin bəyanatına istinad edib.

Bəyanatda deyilir: “Birinci xanım Melaniya Trampın vəkilləri, qərəzli, böhtan xarakterli uydurmaları yayanlardan dərhal təkzib və üzr tələb edirlər”.

BBC həmçinin Hanter Baydenin vəkilindən şərh almağa çalışıb və cavabı gözləyir.

Melaniya Tramp, Hanter Baydeni məhkəməyə verməklə hədələyib, bu isə “Epşteyn sənədlərinin” — guya maliyyəçiyə qarşı cinayət işi ilə bağlı əvvəllər açıqlanmamış materialların dərc edilməsi tələblərinin Ağ Evə təzyiq göstərdiyi bir vaxtda baş verir.

Tramp yenidən seçilməzdən əvvəl bildirmişdi ki, Ağ Evə qayıdarsa, bu materialları açıqlayacaq, lakin bu ilin iyulunda ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi Epşteynin müştərilərinin guya “kompromat siyahısının” mövcud olmadığını bəyan edib.

Mənbə: bbc

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et