Türkiyə Xarici İşlər naziri Hakan Fidan iki günlük rəsmi səfər çərçivəsində Qətərin paytaxtı Dohada ölkənin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüş keçirib.
Diplomatik mənbələrə görə, danışıqlarda Türkiyə–Qətər strateji tərəfdaşlığının inkişafı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin bu il Dohada keçirilməsi planlaşdırılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani başçılıq edəcəyi Yüksək Strateji Komitənin 11-ci iclasına hazırlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər Qəzza və Suriya başda olmaqla regional vəziyyəti müzakirə edib, Fələstin dövlətinin tanınmasına dair beynəlxalq səylər qiymətləndirilib. Hakan Fidan Qətərin ABŞ və Misirlə birlikdə Qəzzada atəşkəs üçün apardığı vasitəçilik fəaliyyətini yüksək qiymətləndirərək Türkiyənin bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin Suriya üzrə birgə layihələr, bölgədə sabitlik və təhlükəsizliyin təmininə yönəlmiş addımlar və İslam Əməkdaşlıq Təşkilatının planlaşdırılan toplantısı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu Hakan Fidanın 2025-ci ildə Qətərə üçüncü səfəridir.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
