Bu gün:

Afrika anklavına üzərək keçməyə cəhd edən 100-dən çox miqrant saxlanılıb


İspaniyanın Şimali Afrikadakı anklavı olan Seutaya Mərakeşdən üzərək keçməyə çalışan təxminən 100 nəfər, o cümlədən bir neçə uşaq saxlanılıb. Hadisə şənbə səhəri, dumanlı hava şəraitindən istifadə edən qrupun sərhədi keçməyə çalışması zamanı baş verib. Mərakeş təhlükəsizlik qüvvələri və İspaniyanın “Guardia Civil” qüvvələri birgə əməliyyatla miqrantların əksəriyyətinin sahilə çatmasının qarşısını alıb, yalnız yeddi uşaq Seutaya daxil ola bilib.

Son aylarda Seutaya qanunsuz üzərək keçməyə cəhd edənlərin sayı artıb. 26 iyul tarixində 50-dən çox uşaq bu üsulla anklava çatıb. Seuta hakimiyyəti miqrant axınının qəbul sistemini “tamamilə iflic” vəziyyətinə gətirdiyini bildirir. Rəsmi məlumatlara görə, hazırda anklavda 528 xarici azyaşlı yerləşdirilib, halbuki rəsmi tutum cəmi 27 nəfərdir.

Şəhər rəhbərliyi uşaqların İspaniyanın digər bölgələrinə köçürülməsi üçün planlar hazırlayır. 2021–2024-cü illərdə 450-dən çox azyaşlı digər bölgələrə yerləşdirilib, buna ailə birləşmələri nəticəsində əlavə 80 nəfər də daxildir. 

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ötən il Şimali Afrikadan İspaniyaya keçməyə çalışarkən 572 nəfər həyatını itirib və ya itkin düşüb. Bu ilin əvvəlindən isə 155 nəfərin, o cümlədən 7 uşağın ölüm halı qeydə alınıb.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et