Yer kürəsinin böyük hissəsi su ilə örtülü olsa da, içməli su ehtiyatı olduqca məhduddur. Bu səbəbdən, okeanlara baxıb “Bu qədər su var, amma niyə susuzluq problemi yaşayırıq?” sualını vermək qaçılmazdır. Xüsusilə iqlim böhranının dərinləşdiyi, quraqlıqların artdığı dövrdə dəniz suyunun içməli suya çevrilməsi ideyası məntiqli görünür.

Lakin bu hələ də geniş yayılmış həll yolu deyil. Okean suyunu içməli suya çevirmək texniki baxımdan mümkündür, amma iqtisadi, ekoloji və enerji baxımından olduqca baha başa gələn prosesdir.
Desalinasiya prosesi adlanan bu üsulla duzlu dəniz suyu iki əsas texnologiya vasitəsilə təmizlənir: distillə (istiliklə buxarlandırma) və ters osmoz (yüksək təzyiqlə suyu duzdan ayırma). Hazırda enerji baxımından daha qənaətli sayılan ters osmoz metodu daha çox tətbiq olunur. 2020-ci ilə olan məlumata görə, dünyada 17 mindən artıq desalinasiya qurğusu fəaliyyət göstərir və 300 milyondan çox insana içməli su təmin edir.
Bununla belə, bu texnologiyanın işləməsi üçün böyük həcmdə enerji tələb olunur və qurğuların qurulması yüksək maliyyət tələb edir. Yəni texnologiya mövcuddur, lakin onun geniş tətbiqi qarşısında enerji, infrastruktur və maliyyət kimi ciddi maneələr qalmaqdadır.
Desalinasiya əsasən su ehtiyatları məhdud olan Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə geniş yayılıb. Lakin qlobal miqyasda bu hələ də lüks hesab olunur. Bir kubmetr içməli suyun əldə edilməsi üçün orta hesabla 4 kVt/saat enerji sərf olunur. Bu enerji adətən fosil yanacaqlardan əldə olunduğu üçün karbon izi də artır.
Prosesin digər problemi isə yaranan yüksək duzluluğa malik tullantı su – brayn–dur. Bu su birbaşa dənizə axıdıldıqda dəniz ekosisteminə zərər verə bilər. İspaniyada bəzi desalinasiya qurğuları suyun baha qiymətinə görə istifadəsiz qalaraq bağlanıb.
Bununla yanaşı, alternativ həllər üzərində də iş aparılır. Səudiyyə Ərəbistanı və Kaliforniyada bəzi qurğular artıq günəş enerjisi ilə işləyir. Avropada isə bakteriyalardan istifadə etməklə duzun daha az enerji ilə ayrılması istiqamətində layihələr icra olunur. Eyni zamanda tullantı suda mövcud olan kalsium və maqnezium kimi mineralların geri qazanılması prosesin iqtisadi səmərəliliyini artıra bilər.
Mütəxəssislər hesab edir ki, desalinasiya təmiz su qıtlığına qarşı qalıcı həll deyil, daha çox fövqəladə hallarda tətbiq edilə biləcək seçimdir. Bunun səbəbi yüksək maliyyəti, ekoloji riskləri və mürəkkəb texniki tələbləridir. Buna görə də suya qənaət, tullantı suların təkrar istifadəsi, yağış sularının toplanması kimi üsullar hələ də əsas prioritet sayılır.
Lakin iqlim dəyişikliyi və quraqlıqların dərinləşməsi bəzi bölgələr üçün bu texnologiyanı zərurətə çevirə bilər. Bunun davamlı həll yolu olması üçün isə enerji xərclərinin azaldılması və ekoloji zərərsiz sistemlərin inkişaf etdirilməsi vacibdir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
