Bu gün:

Mingəçevir Dövlət Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb


24media.az Mingəçevir Dövlət Universitetinin (MDU)  rəsmi səhifəsinə istinadən xəbər verir ki, MDU ilə  Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu universitetin rektoru A.Eminov və institutun sədri Elnur Rüstəmov imzalayıblar.

Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti institutda olub, birgə tərəfdaşlığın əsas istiqamətləri ətrafında müzakirələr aparılıb.


Sədr Elnur Rüstəmov institutun elmi-tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq istiqamətləri və son illərdə həyata keçirilmiş layihələr barədə geniş məlumat verib. O qeyd edib ki, MDU ilə imzalanan bu memorandum elmi biliklərin praktiki tətbiqini gücləndirməklə yanaşı, psixoloji xidmətlərin keyfiyyətinin artırılmasına da xidmət edəcək. O, tələbələrin psixoloji xidmət, sosial iş və inklüziv təhsil kimi sahələrdə bilik və bacarıqlarını institutda gerçəkləşdiriləcək layihələr vasitəsilə inkişaf etdirə biləcəklərini vurğulayıb.


Rektor Anar Eminov bu əməkdaşlığın MDU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrin peşəkar formalaşmasına, onların sosial yönümlü layihələrə cəlb olunmasına və eyni zamanda, akademik heyətin də elmi-tədqiqat fəaliyyətlərinə yeni imkanlar açacağına inandığını vurğulayıb. Rektor qeyd edib ki, bu tərəfdaşlıq yalnız təcrübə mübadiləsi ilə məhdudlaşmayacaq, eyni zamanda birgə elmi layihələr, konfranslar, təlimlər və metodoloji dəstək proqramları da nəzərdə tutulur.


İnstitut tərəfindən həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.


Tərəflər arasında imzalanan Memorandum təhsil, elmi-tədqiqat və sosial məsuliyyət sahələrində ortaq təşəbbüsləri, tələbələrin institutda praktiki fəaliyyətə cəlbini, elmi nəşrlərin birgə hazırlanmasını və müxtəlif layihələrdə qarşılıqlı dəstəyi nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər arasında təhsil və praktika sahəsində bir sıra ortaq təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. 


Buna uyğun olaraq MDU-nun “Təhsildə sosial-psixoloji xidmət”, “Sosial iş”, “Məktəbəqədər təlim-tərbiyə” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbə və magistrantların institutda elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, könüllü kimi iştirakı və istehsalat təcrübələrinin təşkili əsas istiqamətlərdəndir. Həmçinin, İnstitutun dəstəyi ilə universitetdə Psixologiya Mərkəzinin açılması, ixtisasartırma kursları, təlimlər, seminarlar və ustad dərslərinin təşkili, eləcə də tədris proqramlarının və fənn sillabuslarının təkmilləşdirilməsi prosesində məsləhətləşmə və ekspert dəstəyi göstərilməsi planlaşdırılır.

Görüş çərçivəsində nümayəndə heyəti Psixologiya Elmi-Tədqiqat İnstitutunun binası və maddi-texniki bazası, o cümlədən institutun laboratoriyalarında və psixoloji xidmət otaqlarında yaradılmış şəraitlə yaxından tanış olub.

Kənan Cəfərli

Paylaş
Şərh əlavə et