ABŞ-də bəzi dövlət qurumları, universitetlər və özəl şirkətlər Microsoft-un server proqram təminatındakı təhlükəsizlik boşluğundan istifadə edilərək həyata keçirilən kiber hücumların hədəfinə çevrilib.
“Washington Post”un məlumatına görə, hücumlar Microsoft-un bəzi serverlərinə yönəlib və ABŞ rəsmiləri ilə kibertəhlükəsizlik mütəxəssisləri məsələ ilə bağlı araşdırmalar aparırlar. ABŞ-nin şərqində yerləşən bir ştatda vəzifəli şəxs ictimai sənəd anbarının hakerlər tərəfindən ələ keçirildiyini, həmin sənədlərin hazırda əlçatmaz olduğunu bildirib.
Hücum nəticəsində federal və ştat qurumları ilə yanaşı, enerji şirkətləri, universitetlər, Asiyada fəaliyyət göstərən bir telekommunikasiya şirkəti, İspaniyada dövlət qurumu, ABŞ-nin Albuquerque şəhərindəki yerli bir təşkilat və Braziliyadakı universitet də təsirlənib.
Mütəxəssislər on minlərlə Microsoft SharePoint serverinin risk altında olduğunu və Microsoft-un bu boşluq üçün hələlik genişmiqyaslı yeniləmə təqdim etmədiyini bildiriblər. Buna baxmayaraq, hücumların yalnız qurumlara məxsus lokal serverlərə təsir etdiyi, Microsoft 365 kimi bulud əsaslı xidmətlərin bu hücumlardan zərər görmədiyi qeyd olunub.
FBI məsələ ilə bağlı açıqlamasında federal hökumət və özəl sektor tərəfdaşları ilə sıx əməkdaşlıq apardıqlarını bildirib. Niderland mərkəzli Eye Security şirkəti isə hücumların Microsoft Outlook və Teams kimi əsas xidmətlərə də təsir göstərə biləcəyinə və bu boşluğun həssas məlumatların oğurlanması riskini artırdığına diqqət çəkib.
Mənbə: TRT
Tərcümə etdi: Ətirə İbayeva
