24media.az-ın budəfəki müsahibi politoloq Turan Rzayevdir. O, Çinin Aİ-nin sanksiyalar paketinə tədbirləri haqqında danışıb.

-Avropa İttifaqı Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Sizcə, bunun səbəbi nədir?
Avropa İttifaqının qəbul etdiyi 18-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində bəzi Çin şirkətlərinə qarşı da məhdudiyyətlərin tətbiq edilməsi Pekinlə Brüssel arasında münasibətlərin daha gərgin fazaya daxil olduğunu göstərir. Çin şirkətlərininin sanksiya siyahısına salmasının arxasında duran əsas səbəb Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyini qorumaqdır. Böyük ehtimalla Brüssel hesab edir ki, bəzi Çin şirkətləri texnologiya, elektronika və s. sahəsində ixtisaslaşanlar Rusiyanın bu sanksiyalardan yan keçməsi üçün körpü rolunu oynayır. Söhbət birbaşa silah satmaqdan getməsə də, mikrosxemlər, texnoloji komponentlər və bəzi yarımkeçirici sistemlərin dolayı yollarla Rusiyaya çatdırılmasından gedir.
Çin bu ittihamları qəbul etmir və bu iddiaların sübuta yetirilmədiyini bildirir. Lakin Avropa İttifaqı faktiki ticarət statistikasına, gömrük tranzit məlumatlarına və ABŞ ilə paylaşdığı kəşfiyyat hesabatlarına əsaslanaraq hərəkət etdiyini qeyd edir. Bu isə Aİ-nin Çinlə bağlı mövqeyində ciddi bir strateji dönüşün baş verdiyini göstərir.
-Bu sanksiyalar Çin və Avropa İttifaqı arasında münasibətlərə necə təsir edə bilər?
Əvvəllər Çin-Aİ münasibətləri həm tərəfdaş, həm rəqib kimi diplomatik şəkildə formalaşdırılırdısa, indi Brüssel daha çox təhlükəsizlik müstəvisinə keçərək Pekini açıq şəkildə “geosiyasi risk” mənbəyi kimi qiymətləndirməyə başlayıb.
Çin uzun illərdir ki, Avropa ilə münasibətlərini ABŞ ilə müqayisədə daha stabil və praqmatik tutmağa çalışıb. Lakin son aylarda Ursula von der Leyenin çıxışlarında, həm də Fransa və Almaniyanın Çin siyasətində müşahidə edilən sərtləşmədə bu praqmatizmin azaldığı görünür. Bu gedişatlar Pekində Avropa İttifaqının ABŞ ilə koordinasiyalı şəkildə Çin əleyhinə vahid cəbhə yaratdığı təəssüratını gücləndirir. Bu isə Çin üçün strateji təhlükə anlamına gəlir.
Bütün bu proseslər Aİ və Çin arasında ticarət münasibətlərinə də ciddi təsir göstərə bilər. Əgər qarşılıqlı etimad azalarsa və Pekin cavab olaraq Avropa şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edərsə, artıq qarşılıqlı asılılıq balansı pozulacaq. Avropa Çin bazarından tam imtina edə bilməz. Lakin tədarük zəncirinin yenidən qurulması, Çin şirkətlərinin Avropada investisiya imkanlarının məhdudlaşdırılması, texnologiya transferlərinin azalması qaçılmaz olacaq. Bu isə bir neçə ildən sonra Aİ-nin Çinlə münasibətlərində kəskin soyuqluğun başlanması deməkdir.
Nuray Əliyeva
