
Çin hökuməti Tibetdə yerləşən Yarlunq Tsanqpo çayı üzərində dünyanın ən böyük su elektrik bəndinin tikintisinə başladığını elan edib. Layihə 170 milyard dollar (təxminən 147 milyard avro) dəyərində qiymətləndirilir və bəndin 2030-cu illərdə istismara verilməsi planlaşdırılır.
Dövlət mediasının məlumatına görə, beş kaskadlı elektrik stansiyasından ibarət bənd kompleksi ildə 300 milyard kilovat-saatdan çox enerji hasil edə biləcək. Bu miqdar Böyük Britaniyanın bir illik elektrik enerjisi istehlakına bərabərdir.
Layihənin məqsədləri arasında bərpa olunan enerji mənbələrinin artırılması, karbon emissiyalarının azaldılması və Tibet iqtisadiyyatının canlandırılması göstərilir. Eyni zamanda istehsal olunan enerjinin böyük hissəsi ölkənin digər bölgələrinə ötürüləcək.
Yarlunq Tsanqpo çayı Himalaylardan başlayır və Cənub istiqamətində axaraq Hindistanda Brahmaputra, Banqladeşdə isə Jamuna adını alır. Bu çay milyonlarla insanın su və kənd təsərrüfatı mənbəyidir.
Hindistan və Banqladeş Çinin bənd layihəsinin axın istiqamətində yerləşən bölgələrdə su balansına mənfi təsir göstərə biləcəyindən narahatdır. Hindistan Xarici İşlər Nazirliyi bu ilin əvvəlində rəsmi Pekinə müraciət edərək ölkənin maraqlarına zərər verilməməsi üçün “lazımi tədbirlərin görüləcəyini” bildirib.
Ekologiya üzrə ixtisaslaşmış QHT-lər isə bu layihənin ekoloji cəhətdən həssas Tibet yaylasına geri dönməz zərər vura biləcəyini xəbərdar ediblər.
Çayın başlıca hissəsi Çində yerləşsə də, onun axını transsərhəd olduğundan geosiyasi gərginliklərə səbəb ola bilər. Avstraliyanın “Lowy Institute” düşüncə mərkəzinin 2020-ci il hesabatında qeyd olunurdu ki, “bu çaylar üzərində nəzarət Çinə Hindistan iqtisadiyyatı üzərində təsir imkanları verir.”
Çin Xarici İşlər Nazirliyi isə daha əvvəl bəyan etmişdi ki, layihə aşağı axın ölkələrə “heç bir mənfi təsir” göstərməyəcək və Pekin həmin ölkələrlə əlaqəni saxlayacağını vurğulayıb.
Mənbə: DW
Tərcümə edən: Nəzakət Nəsibli
