Bu gün:

Pakistanda musson yağışları: Ölənlərin sayı 200-ü keçib


İyun ayının sonlarında Pakistanda təsirini göstərməyə başlayan güclü musson yağışları səbəbilə həyatını itirənlərin sayı 202-yə çatıb.Geo News-un xəbərinə görə, Hayber Paxtunxva, Pəncab, Sind və Bəlucistan əyalətlərində davam edən musson yağışları həm insan itkilərinə, həm də maddi zərərlərə yol açmağa davam edir.

Pakistanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NDMA) verdiyi açıqlamada, güclü yağışların yaratdığı fəlakətlər nəticəsində iyun ayının sonundan bəri həyatını itirənlərin ümumi sayının 202-yə yüksəldiyi bildirilib.

Ən çox insan itkisi Pəncab əyalətində qeydə alınıb – burada 123 nəfər həyatını itirib. Hayber Paxtunxvada 40, Sind əyalətində 21, Bəlucistanda 16, paytaxt İslamabad və Azad Cammu və Kəşmir bölgələrində isə hər birində 1 nəfər ölüb.

Açıqlamada bildirilib ki, ölüm halları evlərin uçması, qəfil sel basmaları, boğulma, elektrik cərəyanı vurması və torpaq sürüşmələri kimi müxtəlif səbəblərlə bağlıdır.

Yağışlar nəticəsində 560-dan çox insanın yaralandığı qeyd olunub. Musson yağışlarının təsirli olduğu bölgələrdə bir çox yol, ev və dövlət binasının istifadəyə yararsız hala düşdüyü və infrastrukturun ciddi zərər gördüyü vurğulanıb.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Mənbə: TRT Haber

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et