Bu gün:

Türkiyənin tanınmış jurnalisti vəfat edib


Türkiyənin tanınmış jurnalisti, yazıçısı və siyasətçisi Altan Öymən 93 yaşında vəfat edib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başqanı olan Öymən bir həftədir İstanbulun Şişli rayonundakı Florence Nightingale Xəstəxanasında sətəlcəm və orqan çatışmazlığı səbəbilə müalicə olunub. Xəstəxananın açıqlamasına görə, o, 14:38-də reanimasiya şöbəsində dünyasını dəyişib.

Qızı Aslı Öymən atasının sətəlcəmə yoluxduğunu və bir müddət əvvəl uğurlu ağciyər əməliyyatı keçirdiyini bildirib. Müalicə müddətində entübe edilən Öymənin vəziyyətinin ağır olduğu qeyd olunub.

Öymənin vəfatı Türkiyədə geniş hüznlə qarşılanıb. CHP Başqanı Özgür Özəl onun partiya və demokratiya uğrunda mübarizədə mühüm rol oynadığını bildirərək, “Altan ağabəyimizdən ötrü çox darıxacağıq” deyib.

CHP, AKP, DEM Partiyası və Gələcək Partiyası da daxil olmaqla bir çox siyasi partiya və nümayəndə sosial media hesablarında başsağlığı mesajları yayımlayıb. Açıqalamalarda Öymənin mətbuat azadlığı və demokratiya yolundakı xidmətlərinə diqqət çəkilib.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 


Paylaş
Şərh əlavə et