Toronto şəhərində baş tutan görüşdə bir sıra Birinci Millət liderləri, Kanadanın iqtisadi müstəqilliyini gücləndirmək məqsədi ilə qəbul edilən “Kanadanı Qurmaq Aktı” ilə bağlı narazılıqlar səbəbilə Mark Carney ilə keçirilən toplantını yarımçıq tərk edib. 
Baş nazir Mark Carney son həftələrdə yeni aktı təşviq etsə də, bu qanunun bəzi Yerli xalqların hüquqlarını pozacağına dair narahatlıqlar artıb. Qanun, mühüm infrastruktur layihələrinin – boru kəmərləri, mədənlər, limanlar və elektrik şəbəkələri – “milli quruculuq” adı altında sürətləndirilməsini nəzərdə tutur. Lakin bir çox Yerli icma bununla bağlı kifayət qədər məsləhətləşmə aparılmadığını və bu prosesin onların müqavilə hüquqlarını pozduğunu iddia edir.
Görüş zamanı bəzi liderlər ehtiyatlı nikbinlik ifadə etsələr də, bir çoxu məyus olduqlarını bildirərək, hökumət nümayəndələri ilə birbaşa danışmaq fürsəti olmadığını, səslərinin eşidilmədiyini söyləyiblər. Bəzi gənc nümayəndələr də “Biz susmayacağıq” kimi şüarlarla etiraz aksiyası keçiriblər.
Mohawk Kahnawake Şurasının başçısı Kody Diabo görüşü “məsləhətləşmə deyil, sadəcə piar cəhdi” adlandıraraq zaldan çıxıb. Digər liderlər də federasiya hökumətinə qarşı daha çox hüquqi addım atılacağını istisna etmirlər.
İndigen hüquqları üzrə hüquqşünas və Britaniya Kolumbiyası Universitetinin müəllimi Bruce McIvor bildirib ki, hökumət Yerli icmalarla erkən və səmimi məsləhətləşmələr aparmaq əvəzinə, prosesi tələsik həyata keçirərək qanuni öhdəliklərdən yayınmağa çalışır.
Mark Carney isə yay boyunca regionlarda daha çox dialoq planlaşdırdığını desə də, liderlərin əksəriyyəti hökumətin verdiyi sözlərə inanmağın çətin olduğunu qeyd edib.
Mənbə:The Guardian
Tərcümə etdi:Rəna Qarayeva
