Pakistanın şərqində yerləşən Pəncab vilayətində güclü yağışlar nəticəsində baş verən ani daşqınlar faciə ilə nəticələnib. Son iki gün ərzində baş verən təbii fəlakət nəticəsində azı 63 nəfər həyatını itirib.
Pakistan Meteorologiya Departamentinin məlumatına görə, bu ay ölkə üzrə yağıntıların miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 82% artıb. Təkcə Pəncab bölgəsində isə bu rəqəm 124%-ə çatır. İyunun 26-dan bəri ölkə üzrə ümumilikdə 200-ə yaxın ölüm qeydə alınıb.
Daşqınlar nəticəsində yollar, yaşayış məntəqələri və təsərrüfat sahələri su altında qalıb. Xilasedici əməliyyatlara Pakistan ordusu da cəlb olunub. Televiziya görüntülərində Ravalpindi şəhərinin kənarında daşqın nəticəsində evlərinin damında qalan bir ailənin hərbi helikopter vasitəsilə xilas edildiyi əks olunub.
Rəsmi qurumlar ölkədə 144-cü maddə adlanan fövqəladə tədbir rejimini tətbiq edib. Bu rejim çaylarda, göllərdə, kanallarda və digər açıq su hövzələrində çimmək, üzmək və ya qayığa minmək kimi fəaliyyətləri qadağan edir.
Pakistanın Fövqəladə Hallar üzrə Milli İdarəsi (NDMA) yaxın həftələrdə daha bir neçə dəfə güclü yağıntı və daşqın olacağı barədə xəbərdarlıq yayıb. Gözləntilərə əsasən, ilk intensiv yağış dalğası növbəti 7 gün ərzində, daha sonra isə avqustun sonlarına qədər davam edə bilər.
Hazırda ölkənin ikinci ən böyük şəhəri olan Lahorda isə yüngül və orta səviyyəli yağışlar müşahidə olunur. Qurumlar turistləri və yerli sakinləri riskli bölgələrdən uzaq durmağa, xüsusilə dağlıq ərazilərə səyahətdən çəkinməyə çağırıb.
Qeyd edək ki, 2022-ci ildə də Pakistan güclü sel fəlakəti ilə üzləşmiş və ölkənin üçdə biri su altında qalmışdı. Həmin hadisədə 1,700-dən çox insan həyatını itirib.
Mənbə: DW
Tərcümə etdi: Nəzakət Nəsibli
