Bu gün:

Qorxu və maarifləndirmə arasında televiziya təcrübəsi


Shark! Celebrity Infested Waters adlı yeni televiziya proqramı məşhurların dəniz və köpəkbalığı qorxuları ilə üzləşdikləri bir macəra təqdim edir. İlk baxışdan bu veriliş dramatik reallıq şousu kimi təsir bağışlasa da, əslində onun əsas məqsədi tamaşaçılarda köpəkbalıqlarına qarşı anlayış yaratmaq və bu canlıların qorunmasının vacibliyini göstərməkdir. Proqram məşhur "Jaws" filminin 50 illiyi münasibətilə hazırlanıb.

Verilişdə aktyor Lenny Henry, komediyaçı Ross Noble, aparıcı Rachel Riley, "Call the Midwife" serialının ulduzu Helen George, paralimpiyaçı Ade Adepitan, musiqiçi Dougie Poynter və aktrisa Lucy Punch iştirak edir. Məşhurlar Bahamalarda yerləşən təhlükəsiz lokasiyalarda köpəkbalığı qəfəsinə enir,  köpəkbalıqlarının arasında dayanırlar. Onların əksəriyyəti verilişdə iştirak etməklə şəxsi qorxularını aşmaq və bu təcrübədən güclənmiş şəkildə çıxmaq istəyirlər.

Ən təsirli anlardan biri Helen George-un yaşadığı qorxu və onunla mübarizəsidir. Uşaq yaşlarında baş verən bir hadisəyə görə suya qarşı güclü fobiyası olan aktrisa, bütün qorxusuna rəğmən köpəkbalığı qəfəsinə daxil olur. Digər təsirli sima isə Paul adlı ekspertdir. Keçmiş hərbçi olan Paul bir köpəkbalığı hücumu nəticəsində ayağını və əlini itirib, lakin bu hadisədən sonra ömrünü köpəkbalıqlarının qorunmasına həsr edib.

Verilişin əsas mesajı odur ki, köpəkbalıqları düşmən deyil, dəniz ekosisteminin mühüm hissəsidir. Bahamalar bu canlıların qorunduğu əsas bölgələrdən biridir və onların yox olması bəşəriyyət üçün daha böyük təhlükə yarada bilər.

Verilişin ton və formatı da fərqlidir. Burada heç kim yarışmır, səsvermə və kənarlaşdırma yoxdur. Məşhurlar birlikdə bu təcrübəni yaşayır, birlikdə öyrənirlər. Veriliş sakit və sənədli film xarakteri daşıyır, tamaşaçını düşündürür və maarifləndirir.

Shark! Celebrity Infested Waters verilişi artıq ITV1 kanalında yayımlanıb və hazırda ITVX platformasında izləmək mümkündür.

Mənbə:The Guardian

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et