ABŞ-ın Nyu Meksiko ştatının Taos şəhərində 1990-cı illərin əvvəllərindən etibarən bəzi insanlar qəribə, dərin və alçaq tonlu bir uğultu eşitdiyini bildiriblər. Bu uğultu bəzən uzaqdan işləyən bir mühərrik, bəzən də zəif titrəyiş kimi təsvir olunub.

Maraqlısı budur ki, bu səsi yalnız əhalinin təxminən 2 faizi hiss etdiyini deyib, digərləri isə heç bir şey eşitməyib.
Nyu Meksiko Universitetindən mühəndis professoru Co Mallins bu hadisəni araşdırmaq üçün bir sıra “eşidən” şəxslərin evlərinə həssas avadanlıqlar yerləşdirib. Səs və vibrasiya ölçüləri aparılsa da, heç bir anormal nəticə qeydə alınmayıb. Eyni zamanda məlum olub ki, insanlar fərqli səslərdən şikayət edib – bəziləri bunu uğultu, bəziləri vızıltı və ya titrəyiş kimi xarakterizə edib. Bu fərqliliklər onu göstərib ki, bu fenomen çox güman ki, subyektiv təcrübəyə əsaslanır, yəni real səsdən çox insanların fərdi hissləri ilə bağlı ola bilər.
Qeyd etmək lazımdır ki, Taos uğultusu tək hadisə deyil – dünyada bir çox başqa şəhərlərdə də insanlar oxşar naməlum səslər eşitdiklərini deyib. Bu səslərin bəziləri daha sonra fabriklərdən, təyyarələrdən və digər sənaye obyektlərindən qaynaqlandığı ortaya çıxıb. Məsələn, 2012-ci ildə Borneo adasında sakinləri qorxudan qəribə gurultuların əslində bağlanmış vəziyyətdə olan bir zavodun qazanlarının yoxlanılması nəticəsində yarandığı müəyyən edilib. Digər hallarda isə bu səslərin saxta videolarla yayıldığı sübut olunub.
Elmi baxımdan isə uğultunun psixoloji və ya fizioloji izahı da nəzərdən keçirilib. Mütəxəssislər bildirir ki, insan qulağı bəzi hallarda özü də səs yarada bilər. Bu, “spontan otoakustik emissiya” adlanan bir hadisədir və tinnitus (qulaqda zəng səsi) ilə eyni deyil. Yəni eşidənlərin bəziləri əslində real səs yox, beynin və qulağın içində yaranan bir effekti hiss edə bilər.
Bu uğultunu eşidənlərin çox az olması da alimləri düşündürüb. Bəziləri bu şəxslərin çox həssas eşitmə qabiliyyətinə malik olduğunu, digərləri isə bunun sadəcə zərərsiz psixoloji hal – yəni eşitmə illüziyası ola biləcəyini qeyd edib. Neyrolog Oliver Səks bu mövzu haqqında “Musiqisevərlik” və “Hallüsinasiyalar” adlı kitablarında geniş yazıb.
Elm isə hər zaman belə hadisələrə açıq yanaşır – “izah olunmayıb” ifadəsi heç də “izah olunmazdır” demək deyil. Taos uğultusu bəlkə də real bir səsdir və hələ mənbəyi tapılmayıb. Amma mümkündür ki, bu uğultu yalnız onu eşidənlərin zehnində və qulağında mövcuddur.
Mənbə: Live Science
Tərcümə etdi: Arzu Qafarova
