Bu gün:

Dünyada nüvə silahına sahib olan 9 ölkə


Hazırda dünyada cəmi doqquz ölkə ya nüvə silahına sahib olduqlarını açıq şəkildə bəyan edir, ya da onların bu silahlara malik olduğu güclü ehtimalla qəbul olunur. Bu ölkələrin bir çoxu eyni zamanda beynəlxalq müqavilələrə tərəf olan və nüvə silahlarının yayılmasının qarşısını almağı hədəfləyən dövlətlərdir.

Nüvə silahına ilk sahib olan ölkələr həm də Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqavilənin (NPT) təsisçi üzvləri hesab olunurlar. Bunlar Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Fransa və Birləşmiş Krallıqdır. Bu ölkələr həm də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Sözügedən beş ölkə, NPT-yə üzv olduqları üçün digər dövlətlərin nüvə silahı əldə etməsinin qarşısını almaq və öz nüvə arsenalını azaltmaq öhdəliyini üzərlərinə götürüblər. Lakin bu öhdəliklərin praktik icrası ilə bağlı daim tənqidlər səsləndirilir.

Hindistan və Pakistan: Müqaviləyə qoşulmadan silahlanan rəqiblər

Hindistan 1974-cü ildə ilk nüvə sınağını həyata keçirib, Pakistan isə 1998-ci ildən nüvə yoluna qədəm qoyub. Hər iki ölkə NPT-yə üzv deyil və regional rəqib olaraq tanınırlar. Onların nüvə silahına sahib olmaları Cənubi Asiyada ciddi təhlükəsizlik problemləri yaradıb.

Şimali Koreya: Müqavilədən çıxan yeganə ölkə

Şimali Koreya 1985-ci ildə NPT-yə qoşulsa da, 2003-cü ildə müqavilədən çıxdığını elan edib. Pyongyanq bu addımını ABŞ-ın “aqressiv siyasəti” ilə əsaslandırıb. 2006-cı ildən bu yana bir neçə nüvə sınağı həyata keçirən Şimali Koreya, nüvə silahı istehsalını davam etdirir.

İsrail: Rəsmi təsdiq olmasa da faktiki sahiblik

İsrail nəinki NPT-yə qoşulmayıb, həm də heç vaxt nüvə silahına sahib olduğunu rəsmi olaraq qəbul etməyib. Lakin beynəlxalq təşkilatlar və müstəqil mənbələr İsrailin nüvə arsenalına sahib olduğunu geniş şəkildə qəbul edirlər.

İran: Məqsədi dincdir, yoxsa gizli silahlanma?

İran öz nüvə proqramının yalnız dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir. ABŞ kəşfiyyatına görə, İranın hal-hazırda aktiv şəkildə nüvə bombası hazırlamaq səyi yoxdur. Lakin uranın %60 saflıqda zənginləşdirilməsi bu ölkənin %90 səviyyəsinə, yəni silah istehsalı üçün tələb olunan həddə yaxınlaşdığını göstərir.

2025-ci ilə olan məlumatına əsasən nüvə başlıqlarının təxmini sayı:

    •    Rusiya – 4 309

    •    ABŞ – 3 700

    •    Çin – 600

    •    Fransa – 290

    •    Birləşmiş Krallıq – 225

    •    Hindistan – 180

    •    Pakistan – 170

    •    İsrail – 90

    •    Şimali Koreya – 50


Mənbə: Cümhuriyyət

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et