Bu gün:

Roblox uşaqlar üçün təhlükəlidirmi?


Son illərdə bütün dünyada böyük populyarlıq qazanan Roblox milyonlarla uşaq və gənc oyunçunun sevimli platformasına çevrilib. Bununla belə, bu oyun valideynlər arasında bir sıra narahatlıqlara səbəb olur. Uşaqlar üçün əyləncəli və yaradıcı imkanlar təqdim edən Roblox, eyni zamanda bəzi təhlükəsizlik və məzmun risklərini də özündə daşıyır. Bəs Roblox uşaqlar üçün həqiqətən təhlükəlidirmi? Valideynlər nələrə diqqət etməlidirlər?


Onlayn təhlükəsizlik və istənməyən əlaqələr


Roblox oyunçuların bir-biri ilə əlaqə qurduğu bir sosial platformadır. Oyun daxilində söhbət funksiyası, dost əlavə etmək və qrup yaratmaq imkanı mövcuddur. Bu da bəzi zərərli insanların uşaqlarla əlaqə yaratmasını asanlaşdıra bilər. Bəzən istifadəçilər uşaqları çaşdıra və ya zərərli məzmuna məruz qoya bilər. Hərçənd Roblox təhlükəsizlik filtrləri və hesabat alətləri təklif edir, bu platformanı tam təhlükəsiz saymaq doğru olmaz.


Böyüklər üçün məzmun və zorakılıq


Roblox istifadəçilərə öz oyunlarını yaratmaq imkanı verir. Bu yaradıcı yanaşma müsbət olsa da, bəzi oyunların məzmunu uşaqlar üçün uyğun olmaya bilər. Zorakılıq, qorxu və ya yetkinlik mövzularına toxunan oyunlar da mövcuddur. Platforma yaşa uyğun məzmun filtrləri təqdim etsə də, bəzi hallarda bu filtrlər kifayət etmir və gənc istifadəçilər uyğun olmayan səhnələrlə qarşılaşa bilirlər.


Asılılıq riski


Roblox oyunlarının bəziləri yüksək səviyyədə asılılıq yarada bilir. Mükafat sistemləri və davamlı irəliləyiş hissi uşaqların saatlarla oynamağına səbəb ola bilər. Bu, onların dərslərinə, yuxusuna və sosial fəaliyyətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən valideynlər oyun vaxtını məhdudlaşdırmalı və balanslı oyun vərdişlərini təşviq etməlidirlər.


Mikrotransaksiyalar və xərcləmələr


Roblox-da Robux adlı virtual valyuta mövcuddur. Bu valyuta ilə istifadəçilər oyunda əşyalar və əlavələr ala bilirlər. Lakin bəzən uşaqlar real pul xərclədiklərinin fərqində olmaya bilirlər. Valideynlər hesab üzərində nəzarət etməli, alış-veriş imkanlarını məhdudlaşdırmalı və xərclərə diqqət yetirməlidirlər.


Valideyn nəzarəti alətləri


Roblox valideynlər üçün nəzarət imkanları təqdim edir. Bu alətlərlə valideynlər övladlarının kimlərlə ünsiyyət qura biləcəyini, hansı oyunlara daxil ola biləcəyini və oyun müddətini məhdudlaşdıra bilirlər. Eyni zamanda, məxfilik ayarları və bloklama seçimləri də valideynlərə əlavə nəzarət imkanı verir.


Valideynlərin ala biləcəyi ehtiyat tədbirləri


Məxfilik parametrlərini tənzimləyin ki, yalnız tanıdıqları insanlar uşaqlarınızla əlaqə qura bilsin.


Söhbət funksiyasını söndürün və ya yalnız dostlarla məhdudlaşdırın.


Valideyn nəzarəti ilə alış-veriş imkanlarını məhdudlaşdırın.


Oynadıqları oyunları izləyin və onlarla oyun təcrübəsi barədə danışır.


Uşaqlarınıza internet təhlükələri və onlayn təhlükəsizlik haqqında məlumat verin.


Roblox düzgün istifadə olunduqda həm əyləncəli, həm də öyrədici ola bilər. Amma bu, yalnız valideyn nəzarəti və ailəvi ünsiyyətlə mümkündür. Uşaqların internetdə təhlükəsizliyi üçün valideynlər daim diqqətli olmalı və texnoloji vasitələrə tənqidi yanaşmalıdır. Təhlükəsizlik tədbirləri ilə təchiz edilmiş və nəzarət edilən bir Roblox təcrübəsi uşaqlar üçün həm maraqlı, həm də etibarlı ola bilər.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et